Ilham Hüseyn
Bu günün son statusun da həyata həsr edək. Daha doğrusu həyat haqqında deyilən 3 fikrə yönələk və düşünək.
Van Qoq deyirdi ki, başqalarının halına yana bilən insan yaşamağa layiqdir. Mən Van Qoqun bu fikrin sağlıq kimi qəbul edirəm. Hər yerdə demək lazımdı, hamıya eşitdirmək lazımdı, uşaqlara öyrətmək lazımdı. Həqiqətən də yalnız öz mədəsi üçün yaşayan adamdan uzunqulaq yaxşıdı. Əslində ən böyük zövq başqalarına xeyir verə bilməkdi, başqalarına kömək edə bilməkdi, başqaların xilas edə bilməkdi.
Freyd isə deyirdi ki, bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Kaş, bütün şüurlu həyatını başqalarına ziyan verməyə həsr edənlər, Freydin bu fikri haqqında düşünəydilər.
Başqalarını şərləyib həbs etdirməyin, ailələri gözü yaşlı qoymağın, şəxsi mənafe üçün evlər yıxmağın nə qədər iyrənc olduğunu dərk edəydilər.
Bizi güldürən Çarli Çaplin isə “Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş” deyirdi.
Lap bizim ölkənin reallığına uyğundu. Hamının haqqının oğurlandığı, hamının yerinə göz dikildiyi, hamının taleyinin qaraldıldığı ölkə.
Gözü doymayan, qəlbi daşlaşan, ruhu ölən adamlara mesajdı.
Ey hamının olanı mənimsəyənlər, öz layiq olduğunuz yer haqqında fikirləşin.
Bəlkə də həyat, ölümün bizə hədiyyəsidi. Bu hədiyyəni zay etməyin…