Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti onlayn toplantısı keçirilib.
Toplantıda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunub.
Koordinasiya Mərkəzinin üzvləri ölkədə mövcud vəziyyətdən dərin narahatlıq ifadə ediblər.
Hakimiyyətin repressiya siyasəti, o cümlədən davam edən həbslər kursu, AXCP sədri Əli Kərimlinin blokadasının hələ də davam etdirilməsi, karantin dövründə ağır maddi vəziyyətə düşən vətəndaşlara zəruri yardımların edilməməsi ciddi şəkildə pislənilib.
Hakimiyyətin korrupsiya ilə mübarizə adı altında bəzi şəxslərin nümayişkəranə şəkildə həbs etməsi ölkədə qanunçuluğun bərpasını təmin etməyəcək şou kimi qiymətləndirilib. Qeyd olunub ki, qanunun aliliyinin təmin olunması dərin demokratik islahatlar şəraitində mümkündür və təəssüf ki, hakimiyyətdə belə siyasi iradə yoxdur.
Koordinasiya Mərkəzinin toplantısında təşkilatın qarşısında duran cari vəzifələr və onların səmərəli icrası yolları da müəyyənləşdirilib.
Məlumatı Milli Şura yayıb.