Ilham Hüseyn
21-ci əsrdə Azərbaycan adlı məmləkətdə müxalifət liderinin telefonun, internetin kəsirlər. Dünyaya isə multikulturalizm, humanizm, tolerantlıq nağılları danışırlar.
Yəqin ki, tarixdən hökmdar Pirr haqqında oxumusuz. Pirr Makedoniyalı İskəndərin uzaq qohumu olub. Onun ölümündən sonra bir çox döyüşlərdə iştirak edir, qələbələr qazanır və məşhur sərkərdəyə çevrilir.
Tarixdə ən məşhur olan isə Pirrin Romalılarla müharibəsidi. Romalılarla ikinci döyüşdə də Pirr qalib gəlir. Amma ordusunun böyük hissəsin itirir.
Döyüşdən sonra sərkərdələrdən biri Pirri qələbə münasibəti ilə təbrik etdikdə Pirr belə deyir : ” Daha belə bir qələbə və biz məhv olduq”.
O vaxtdan bəri məğlubiyyətə bərabər olan bütün qələbələrə “Pirr qələbəsi” deyirlər.
İndi hakimiyyət də Əli Kərimlinin blokadaya salınmasını uğur hesab edir, qələbə sayır.
Hansıki, bu “qələbə” Pirrin qələbəsindən də rüsvayçıdı. Pirr heç olmasa onlarla döyüşdə qalib gəlmiş, ərazilər ələ keçirmişdi. Bizim hökumət isə 20 faiz torpağı cırtdan düşməndən geri ala bilmir, məğlubiyyətə bərabər “sülh danışıqları” aparır.
Bəli, Əli Kərimlinin təcriddən sonrakı vəziyyəti daha şəffaf mənzərə yaradır. Tərəddüd edən minlərıə insan qərar qəbul edir, onun çıxışları müxtəlif platformalarda təkrar-təkrar yayılır və daha çox insan baxır. Təcrid günlərində evindən verdiyi müsahibələr daha çox müzakirə mövzusuna çevrilir. Tənqidi səslər daha çox eşidilməyə başlayır. Eyni zamanda hakimiyyətə ikrahla baxanların sayı artır, hakimiyətin acizliyi aşkar görünür, düşük taktika hamıda nifrət formalaşdırır.
Xalqdan mandat alan, şəffaf idarəçilik həyata keçirən, insan haqlarına hörmətlə yanaşan, ən çətin məqamlarda xalqın yanında olan hökumət, Əli Kərimliyə qarşı niyə bu qədər qəzəbli olmalıdı. Deməli, hakimiyyət Əli Kərimlinin haqlı olduğunu etiraf edir və heç bir arqument tapmır. Ona görə də internetdən, telefondan yapışır.
Nəticə etibarilə Əli Kərimli üzərində “Pirr qələbəsi” həyata keçirir. Hər gün bu “qələbə” rejim “qoşun”ların sıradan çıxarır. Mirşahin, Siyavuş, Elman kimi “vəzir”lərin təbriki, Çindən gələn “zəhmətkeş məktubları” qeyri-ciddi qəbul olunur.
18-ci gününə keçən blokada, 18-ci “Pirr qələbəsi”di.
Və hökumətə deyirik ki, belə “uğur”larınız bol olsun.
Jozef Kopp necə deyirdi? “Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar”.
Rejimin məğlubiyyət qorxusu ardıcıl səhvlərlə müşahidə olunur. Hansısa cəbhəçidən işgəncə yoluyla ifadə almaq cəhdi isə, köhnə üsuldu və legitimlik donu geyinə bilmir.