Elnur Sadıqov
Bu gün daha bir cəbhəçi – Ramid Nağıyev, şərlənərək 30 sutka müddətinə inzibati həbsə məhkum edilib.
Əliyev rejimi öz qisasçılığı və cılızlığından dolayı bu həbslərlə Xalq Cəbhəsinə xidmət etmiş olur.
Azərbaycan ictimaiyyətinə bir daha agah olur ki, Əliyevlər istibdadının sonu gəlməyən həbs dalğasına duruş gətirə bilən yeganə təşkilat Xalq Cəbhəsidir. Xalq Cəbhəsindən başqa istənilən təşkilat bu həbslərin qarşısında çoxdan ağ bayraq qaldırmışdı. Bu amil xalqla AXCP arasında birliyin yaranmasına, Xalq Cəbhəsinin avanqard qüvvəyə çevrilməsinə vəsilə olur.
Bu həbslər rejimin zor aparatını da aşındırır. Repressiyaları icra edən polis və təhlükəsizlik xidməti əməkdaşları qarşısındakı qüvvənin əyilməzliyini gördükdə ona ehtiramı yaranır. Özlərinin yaramaz və mənasız bir işlə məşğul olduqlarının fərqinə varırlar. Bu amil də rejimin azacıq laxlayacağı təqdirdə polis və təhlükəsizlik orqanları əməkdaşlarının xalqın tərəfinə keçəcəyini deməyə əsas verir.
İlham Əliyev özünün indiyədək həyata keçirdiyi strategiyasıyla elə bir şərait yaradıb ki, artıq Xalq Cəbhəsini əzmək də, əzməmək də bu təşkilatın güclənməsinə xidmət edir. O, bu strategiyasını bir az da davam etdirsə, artıq Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi də, gəlməməsi də Əliyev rejiminin faciəsinə çevriləcək.
Odur ki, Əliyev rejimi özlərini çətin seçimlərə sürükləməməlidir. Daha əlverişli yollara baş vurmalıdır.