ABŞ Azərbaycanın bu yaxınlarda bir neçə vicdan məhbusunu əvf etməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin ReAl partiyasının funksioneri barəsindəki qərarını yerinə yetirməsini müsbət qiymətləndirir və Bakını “başqa hallarda da bu yanaşmaya sadiq olmağa” çağırır, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi çərşənbə günü bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
German Marşall Fondu tərəfindən təşkil edilmiş vebinarda Dövlət Departamentinin Avropa və Avrasiya bürosunda dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycanda son siyasi hadisələrə, xüsusən, “evdən çıxarkən SMS göndərməklə hakimiyyəti məlumatlandırmaq” zərurətinə toxunub. Bu, insanların yerdəyişməsini izləmək imkanı verir.
Bir tərəfdən jurnalist Əfqan Muxtarlının azad edilməsi və bir neçə başqa şəxsin əvf edilməsi kimi bəzi yaxşı xəbərlər var, amma bu zaman “başqa insanlar həbs edilib”.
Vaşinqton “müsbət addımlara layiqincə qiymət versə də”, hökumətləri, o cümlədən Azərbaycanı “səhiyyə sahəsinin məhdudiyyətlərindən siyasi məqsədlərlə istifadə etməməyə çağırır”, deyə o bildirib. Kent həmçinin əlavə edib ki, “bu, hökumətlərlə xüsusi dialoqumuzun yalnız bir hissəsidir”.
O, eyni zamanda Vaşinqtonun bütün Şərq Tərəfdaşlığı ölkələrinin “təkcə COVİD-in yaratdığı səhiyyə problemlərindən deyil, həm də COVİD-in səbəb olduğu iqtisadiyyatın zəifləməsi problemlərindən” qurtulmaq cəhdlərini fəal şəkildə dəstəkləmək niyyətində olduğunu qeyd edib.
“Qanunun aliliyinin və institutların hesabatlılığının möhkəmləndirilməsinə yönəlmiş islahatların həyata keçirilməsi üçün BVF-nin verdiyi fövqəladə makromaliyyə yardımı ilə yanaşı, biz fəal vətəndaş cəmiyyəti subyektlərinə və müstəqil KİV-lərə dəstəyi davam etdirəcəyik”, deyə Kent bildirib.
Dezinformasiya və mənfi təsirə qarşı mübarizə “ümumi problemə” çevrilib. 15 il əvvəl ABŞ-ın Şərq Tərəfdaşlığı ölkələrinə ən mühüm investisiyalarından biri “Luqar laboratoriyaları” kimi məşhur olan diaqnostika laboratoriyaları oldu, hazırda Rusiyanın təbliğat maşını bu laboratoriyalara hücum edir.
“Gürcüstan, Ermənistan, Ukrayna və Azərbaycanda bu laboratoriya infrastrukturu COVİD testləri və ona qarşı mübarizəni həyata keçirir. Bu infrastruktur on ildən çoxdur ABŞ-ın vəsaiti hesabına yaradılıb. Məhz hazırki vəziyyətdə fəaliyyət göstərə bilmək üçün laboratoriya heyəti də Amerikalılardan təhsil alıb.
Biz beynəlxalq əməkdaşlıq yolları axtarsaq da, Rusiya Luqar laboratoriyaları ilə bağlı dezinformasiyanı davam etdirir, bizim bu xəstəliyi yaratdığımızı, ona qarşı mübarizə aparmadığımızı bildirir. Çinlilərin Rusiyadan bu yanlış məlumatı götürməsi məyusluq doğurur”, deyə o əlavə edib.
Öz növbəsində, elə həmin gün Dövlət Departamentinin xüsusi brifinqində çıxış edən ABŞ-ın xüsusi səfiri Li Qabriel Rusiyanı demokratik cəmiyyətlərdə sabitliyi pozmaq üçün dezinformasiyadan istifadə etməkdə ittiham edib. Rusiyanın COVİD-lə bağlı bugünki təbliğatı bunun dəlilidir, deyə o bildirib.
Marşall Fondunun vebinarına qayıdaraq qeyd edək ki, Kentdən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat barədə soruşublar.
Dövlət katibinin köməkçisinin müavini şübhə ilə yanaşaraq, Lavrovun şərhlərinin “başqa məsələlərdə də kömək etmədiyini” deyib.
Onun sözlərinə görə, Vaşinqton “öz talelərini öz şərtlərinə uyğun şəkildə həll edə bilmələri üçün” Azərbaycana və Ermənistana, digər Şərq Tərəfdaşları ölkələrinə münaqişələrini nizamlamaqda kömək etməyə çalışr.
ABŞ Dağlıq Qarabağ prosesinə yaxından cəlb edilib, Bakı və Yerevan isə “bizim oynadığımız rolu və bu danışıqları davam etdirməkdə onlara kömək etdiyimizi çox yaxşı başa düşürlər”, deyə o qeyd edib.
Contact.az