AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev
Heç ola bilməz ki, rayon icra başçıları dövlətin pulunu havaya sovura, kəndlinin torpağını, qoyun-keçisini, inək-camışını tutub əlindən ala, sahibkarın əmlakını ələ keçirə, yoxsula çatmalı makarona, vermişelə göz dikmək qədər mənəviyyatsız olalar, amma bu cinayətkarları və mənəviyyatsızları yüksək vəzifələrə təqdim və təyin edənlər aydan arı, sudan duru olalar. Sadəcə mümkün deyil belə bir hal.
Bir nəfər, iki nəfər olsaydı, yaxud da bir ay, iki ay talasaydılar, dərd yarıydı, bəlkə də göz yummaq, üzərindən birtəhər ötüşüb keçmək olardı. Lakin o kiçik padşahların əksəriyyəti bir bezin qırağıdırlar və hamısı da YAP adlı eyni bulaqdan su içiblər. Odur ki, bütün bu baş verən cinayətlər təsadüflərin ayağına yazılası dərd deyil.
Mümkün deyil ki, 16 ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət yığan icra baçısı Vilyam Hacıyevin İmişli, Göygöl və Samux rayonlarında çıxardığı min cür oyundan hüquq-mühafizə orqanlarında xəbər tutan olmasın.
Ola bilməz ki, 14 il ərzində Biləsuvar və Astara rayonlarında sosial yardımları, torpaqları və mal-qaranı ələ keçirmək sahəsində ad çıxarmış icra başıçısı Mahir Quliyevin cinayətkar əməllərinin sədası YAP-da, prezident iqmətgahında eşidilməsin.
Heç inandırıcı deyil ki, Neftçala və Qobustan rayonları icra başçısı İsmayıl Vəliyev tərəfindən 15 il talana və buna görə də səsini çıxaran olmaya.
Axı necə ola bilər ki, yaxasında şöhrət ordeni gəzdirən icra başçısı Nizaməddin Quliyev Ağstafa və Goranboy rayonlarında təhsil və səhiyyə işçilərinə, aztəminatlı ailələrə 10 il tor toxuya, bunun da sorağı eşidilməyə?
İcra başçısı Qoca Səmədovun 9 ildə “Vətənə xidmət” adıyla Yevlaxda əkmədiyi turp qalmayıbsa, Ali İcra Hakimiyyəti Orqanının bundan xəbərsiz olmasına kimi inandırmaq olar?
İcra başçılarının “qruppavoy” şəkildə məşğul olduqları bu cinayətlərdən ölkə əhalisi əsasən və zamanında xəbər tuta bilibsə, dövlət başçısı kimi İlham Əliyev də zamanında xəbər tutmalı, qarşısını almalı idi. Çünki bu onun vəzifə borcu idi. Odur ki, kimin nə deməyindən, necə düşünməyindən asılı olmayaraq baş verənlərə görə İlham Əliyev birbaşa məsuliyyət daşıyır.