Seymur Həzi
Vəziyyət mürəkkəbdir. Ona görə ki, azalan neft qiymətləri, karantinə görə bağlanan iş yerləri, və davam etməkdə olan qlobal iqtisadi böhran fonunda sosial böhran dərinləşir. Hakimiyyət üzərinə düşəni etmək istəmir ya da bunu etməkdə acizdir. Bunun əvəzində müxalifətə basqılar etməyi üstün tutur. 20 martan bəri artlıq Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və AXCP üzvü Zamin Salyev cinayət işi ilə 12 AXCP üzvü isə inzibati qanunpozma ilə həbs ediliblər. Niyaməddin Əhmədova yeni cinayət işi açırlar, Səadət Cahangirin evinə soxulub axtarış parırlar. Özünü istintaq idarəsinə aparıb yersiz sorğu-sual edirlər. İstisnasız olaraq bu işlərin hamısı beynəlxalq birlik və yerli ictimaiyyət tərəfindən sifarişli siyasi həbs kimi qiymətləndirib. AXCP sədri Əli Kərimli 21 gündür ki, interneti kəsilib və əksər vaxtlarda mobil telefonu da bağlanılır. Hakimiyyətin yaratdığı bu mənzərədən belə başa düşmək olur ki, İlham Əliyev ölkənin bütün problemlərinin həllini bu cür izolyasiyada görür. Əgər belədirsə, dərinləşən sosial problemlər fonunda həbslər və təcridlər, sadəcə, narazılığı və etirazları artıracaq. Çünki, indi narazılıq tonqalı, üfürməklə sönəcək qədər zəif deyil. Əksinə, küləklərlə güclənəcək qədər böyükdür. Bunun qarşısını almaq isə mürəkkəb prosesə sağlam siyasi düşüncə ilə yanaşmaqdır. İslahatları sürətləndirmək və cəmiyyətə problemin həllinə dair yol xəritəsini təqdim etmək.
İlham Əliyev Əli Kərimlini narazılıq faktorunun əsas istiqamətvericisi kimi təsəvvür etməkdə haqlıdırmı? Əgər normal siyasi sistem olsaydı bəli. Biz ölkədə olmayan təhsil islahatları, aqrar islahatlar, sənae islahatları məsələsində hakimiyyətin qarşısına maariflənmiş etirazçılar ordusu çıxarardıq. Ancaq vəziyyət elə gətirib ki, indi çoxluq sadaladığım problemlərə görə narahat deyil. Əksəriyyət sadəcə aclıqdan qurtulmaq istəyir. Aclığı isə Əli Kərimli təşkil etməyib. Əli Kərimlinin indi siyasi hadisələr üçün bir mühüm rolu var. Bu da proseslərin nizamlı və nəzarətdə baş verməsinin təşkilidir. Əgər Kərimlinin təcridi uzun sürəcəksə, hakimiyyət onsuz da narazı olan kütlələrin xaotik etirazları qarşısında aciz duruma düşəcək. O kütlələr isə yol xəritəsi istəməyəcəklər. Problemlərin bir an öncə həll olunmasını istəyəcəklər. O zaman hamımız aciz olacağıq. İndi düşünmək üçün hələ də gec deyil- dövlətçilik maraqları nə tələb edir? Nizamlı yol xəritəsiylə problemlərin həlli, yoxsa xaotik etirazlarla naməlum nəticələrə aparan spontan olaylar?