28 aprel 2020-ci il tarixində Azərbaycan hüquq-mühafizə orqanları daha bir cinayət əməli törədilib, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən AXCP fəalı, ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin cangüdəni olan Niyaməddin Əhmədova ağır işgəncələr verilib.
Naməlum şəxslər əsasız və qanunsuz olaraq 30 sutka azadlıqdan məhrumedilmə cəzasına məhkum edilən Niyaməddin Əhmədovu tam qanunazidd şəkildə saxlandığı Binədəqi İnzibati Saxlanma Təcridxanasından çıxararq başqa ünvana aparmış və orada kiçik fasilələrlə 12 saat ərzində amansız fiziki işgəncələrə məruz qoymuşlar.
Niyaməddin Əhmədov yalnız 12 saatdan sonra təcridxanaya qaytarılmış, üzərindəki işgəncə izlərini gizlətmək və bu barədə məlumatın yayılmamasını təmin etmək məqsədilə təkadamlıq kameraya salınmışdır.
AXCP fəalı çətinliklə də olsa ailə üzvlərinə ağır işgəncələrə məruz qalması haqqında məlumat ötürə bilmiş və onlar bu məlumatı ictimailəşdirmişdirlər.
Niyaməddin Əhmədovun ailə üzvlərinə bildirdiyinə görə fasilələrlə 12 saat davam edən döymə və s. qeyri-insani və alçaldıcı rəftarı ehtiva edən işgəncələr müddətində ondan ictimai əsaslarla cangüdəni olduğu AXCP sədri Əli Kərimliyə qarşı böhtan xarakterli ifşaedici ifadələr verməsi tələb olunub.
Niyaməddin Əhmədovun bildirdiyinə görə ağır işgəncələrə baxmayaraq o belə ifadələri verməkdən imtina edib.
Bu hadisə İıham Əliyevin 19 mart və 14 aprel çıxışlarında etdiyi nifrət çağırışlarının doğurduğu nəticədir. Prezident həmin çıxışlarında Azərbaycan müxalifətini düşmən, satqın, 5-ci kolon, vətən xaini adlandırmış və hətta daha uzağa gedərək və bütün ətrafından və dəstəkçilərindən müxalifəti “adı ilə” çağırmağı tələb etmişdir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şərlənərək həbs olunması, onlarla AXCP, ADP və MBH fəalının inzibati həbsə cəzalandırılması, Əli Kərimlinin internetə çıxışının tam olaraq qapadılmaqla sosial izolyasiyaya məruz qoyulması məhz İlham Əliyevin həmin çağırışlarına hüquq-mühafizə orqanlarının cavabı kimi dəyərləndirilməlidir.
Niyaməddin Əhmədova qarşı törədilən cinayət faktı həm anti-insani işgəncə əməli kimi lənətlənməli, həm də inzibati cəzaçəkmə təcridxanasında olan şəxslərin qanunazidd olaraq oradan çıxarılaraq işgəncəyə məruz qalması şəklində gerçəkləşən ədliyyə və polis sisteminin başıpozuqluğu kimi qınanmalıdır.
Bu cinayət faktı eləcə də Azərbaycan hakimiyyətinin AXCP-yə, Milli Şuraya və şəxsən Əli Kərimliyə yönəlik yeni repressiya dalğasına, böhtan və şərləmə kampaniyasına hazırlaşmasına da dələlət edir.
Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan hakimiyyətindən 21-ci əsrdə gerçəkləşdirməkdə davam etdiyi utancverici işgəncə təcrübəsinə, eləcə də qlobal pandemiyadan öz siyasi rəqiblərinə, tənqidçilərinə qarşı təzyiq və təqib mexanizmi kimi rüsvayçı siyasətə son qoymasını təkidlə tələb edirik.
Təəssüflə qeyd etməliyik ki, dərin iqtisadi böhran və gələcəklə bağlı artan ictimai ümidsizlik fonunda Azərbaycan hakimiyyətinin tutduğu destruktiv və sosial-siyasi radikallığı tətikləyən bu yol ölkəmizi təhlükəli kataklizmlərə və vətəndaş qarşıdurmasına aparır.