
AXCP sədri Əli Kərimli
Cəbhəçi siyasi məhbusların sayı 42 oldu. Böyük rəqəmdir. Ancaq siz şərlənərək həbs olunmuş bu insanların yalnız özlərini düşünməyin. Məhbus ailələrinin yüzlərlə üzvünün, atasız qalmış uşaqların, oğulsuz qalmış yaşlı ata-anaların, həyat yoldaşlarının, bacı-qardaşların, digər doğmaların, girov götürülmüş cəbhəçiləri özünə doğmadan doğma sayan on minlərlə cəbhəçi və digər vicdanlı, vətənpərvər insanların da yaşadığı ağrıları, məhrumiyyətləri düşünün.
Etiraf edirəm ki, demokratik düşərgə olaraq itkilərimiz böyükdür. Ancaq bu günlər yalnız hökumətin Tovuz döyüşlərindən dərhal sonra ölkə müxalifətinə qarşı başlatdığı məhvetmə əməliyyatı ilə, bu əməliyyat zamanı yaşanan ağrı və acılarla yadda qalmayacaq. Bu günlər tatiximizdə həm də Azərbaycan xalqının növbəti ağır sınaqdan da ləyaqətlə çıxması, ölkənin demokratik hərəkatının məğlubedilməzliyi ilə qalacaq. AXCP də, ölkənin vətəndaş cəmiyyəti də, ölkədə demokratiya və ədalətdən yana olanlar da İlham Əliyevin düşündüyündən daha çox, daha səbatlı və daha iradəlidir. Siz Qarabağ mitinqi bəhanəsilə həbs edilmiş AXCP fəallarının ailə üzvlərinin birgə bəyanatını oxudunuzmu? Ailələrinin bu fədakar insanlarla necə qürur duyduğunu gördünüzmü? Sıravisindən rəhbərliyinə, gənclərindən veteranlarına qədər minlərlə əqidəli cəbhəçinin bu qəddar repressiya qarşısında belə dik duruşlarını necə qoruyub saxladıqlarını, girov götürülmüş dostlarını necə müdafiə etdiklərini, mübarizə bayrağını bir günlük, bir saatlıq belə endirmədiklərini də gördünüz.
Milli Şuradakı müttəfiqlərimiz, ölkənin hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, sözünü deyə bilən müxalifətçiləri, ziyalıları, hüquqşünasları, jurnalistləri, bir sözlə, demokratik ictimaiyyəti misli görünməmiş həmrəylik nümayiş etdirdi. Demokratik ictimaiyyət dərhal başa düşdü ki, söhbət bir partiyanı deyil, bütövlükdə ölkədə real müxalifətçiliyi məhv etmək istəyindən gedir və buna yol vermək, bu dəhşətli plana susmaq olmaz. Danısmaq, yazmaq, etiraz etmək hüququnu hakimiyyətə təhvil verməyənlərin əksəriyyəti yazdı, danışdı, etiraz etdi. Azərbaycanın 300 nəfərdən artıq gənc yazarının Qarabağ məhbuslarına azadlıq tələb etməsi də yeni fenomen oldu. Bütün bunlar cəmiyyətimizin gücünü göstərdi. Repressiyalar bundan sonra da əvvəlki qəddarlığı ilə davam etsə belə, artıq aydındır ki, AXCP-ni, real müxalifəti məhv etmək, Azərbaycan cəmiyyətini tam susdurmaq, hökumətin bütün tənqidçilərini qorxudub ölkəni Türkmənistanlaşdırmaq alınmayacaq.
Artıq beynəlxalq aləm də bu repressiyalara susmur. İndi İlham Əliyev şəxsən özünün rəhbərliyi ilə həyata keçirilən “AXCP-ni, real müxalifəti məhvetmə” əməliyyatının xeyrini və zərərini hesablasın. Bəli, daha 32 nəfər cəbhəçinin həbsinə və bununla da cəbhəçi məhbusların sayının 42 nəfərə çatmasına nail oldu. Əgər bunu özünə “xeyir”, “uğur” sayırsa saysın, etirazım yoxdur. Ancaq əvəzində nələri itirdiyini də hesablasın. Bu kinli siyasət nəticəsində xalqımızın Qarabağ üçün düşmənə qarşı yumruq kimi birləşməsini, bunu düsmən üzərində qələbəyə çevirmək fürsətini itirdi. Tam əksinə, adını tarixə Vətən müharibəsini vətəndaş qarşıdurmasına çevirən, siyasi müxalifətinə işğalçı düşməndən daha çox nifrət edən dövlət başçısı kimi yazdırdı. Bu repressiyalara görə dünya mətbuatı və beynəlxalq təşkilatlar Əliyev rejimini ən qəddar rejimlərdən biri elan etdi. ABŞ-dan Avropa Birliyinə qədər hər yerdə Azərbaycandakı rejim başçılarına ünvanlı sanksiyalar tələb olunmağa başlayıb. Əgər hazırkı repressiya siyasəti davam edəcəksə, beynəlxalq sanksiyalar da bir gün reallığa çevriləcək.
Ən vacibi, rejim bu repressiyalar zamanı Qarabağsevərləri, qanunsuz, ədalətsiz yolla həbs etməklə, onlara işgəncə verdirməklə xalqla arasındakı uçurumu daha da dərinləşdirdi. Əlbəttə, heç bir xalq yeganə “günahı” vətənpərvərlik olan övladlarını repressiya edən hakimiyyəti sevməz. Vətən, Qarabağ sevgisi çox böyük olan Azərbaycan xalqı da həmçinin. Beləliklə, görün daha 32 ailəyə məşəqqət yaşatmağı özünə uğur bilən rejim özü də nə boyda itkilər verib. Azərbaycan hakimiyyəti son repressiyalar zamanı özünü məlum misaldakı xəbis adam kimi apardı. “Mənim bir gözüm çıxsın, təki qonşumun (indiki halda müxalifətin) iki gözü də çıxsın”. 21-ci əsrdə bu təfəkkürlə uzağa getmək, gerçək uğur qazanmaq mümkün deyil. Hakimiyyət səhv yoldadır. Öz maraqları da tələb edir ki, bu səhv yoldan çəkilsin. Qanunsuz, əsassız həbs edilmiş bütün siyasi məhbuslar azad edilsin!
Yazını FB səhifəsinin admin heyəti paylaşıb