Milli Şuranın sədri Cəmil Həsənli
Əliyev rejimində korrupsiyadan kənar nazir, komitə sədri, icra başçısı yoxdur. Ola da bilməz. Hamısı İlham Əliyevin şəbəkələşdirdiyi kriminal korrupsiya xəzinəsinin “donorlarıdır”. İndi keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin natəmiz əməlləri, “mədəni” korrpupsiyası müzakirə mövzusudur. Amma o, bu şəbəkədə birinci deyil, sonunculardandır. Əbülfəs Qarayevin “mədəni” korrupsiyası Azad Rəhimovun “idaman” korrupsiyaının pərsəngi səviyyəsindədir. Sonuncunun korrupsiyası da özü boyda nəhəngdir.
İdmana “qayğı” adı ilə bu ölkənin sərvətlərin Azad Rəhimovun əliylə Əliyevlər mənimsəyiblər, topdağıtmaz ofşor hesabların zənginləşdiriblər. İlham Əliyevin 8 milyarda keçirdiy Avropa yay oyunlarını Lukaşenko 80 milyona keçirdi. Bilavasitə Avropa yay oyunların keçirilməsinə məsul olan, bütün smeta xərclərinə nəzarət edən, Avropa oyunları üçün Bakının hazırlığını təftiş edən Avropa oyunları Əməliyyat Komitəsinin o zamankı direktoru Saymon Kleqq (Simon Clegg) tərəfindən hələ oyunlara 253 gün qalmış açıqlanmışdı.
Azərbaycan hakimiyyəti bu fantastik xərcləri gizlətsə də cənab Kleqq Azərbaycanın “əzəmətini” nümayiş etdirmək və Avropa oyunlarını “cəzbedici” göstərmək məqsədiylə bilavasitə Azərbaycan rəhbərliyinin razılığı ilə hakim elitanın əsas ofşor hesablarının “yuvalandığı” Londonda çıxan “Business New Europe” (BNE.eu) nəşrinə açıqlama vermişdi ki, Azərbaycanda ən fantastik şou olacaq və Bakı bu oyunlara 4 milyard funt sterlinq vəsait qoyub, əlavə olaraq oyunlarda iştirak edəcək 50 milli komandanın da xərclərin Azərbaycan rəhbərliyi öz üzərinə götürüb. Eyni sözləri cənab Kleqq həmin vaxt BBC radiosuna verdiyi canlı müsahahibədə də təkrar etmişdi. Bu rəqəm o dövrün valyuta məzənnəsində ingilis funtunun dollara nisbətində 50 milli komandanın maliyələşdirilməsi də daxil olmaqla 8 milyard dollara bərabər idi. O vaxt Britaniya və Avropa mətbuatı dərhal “Azerbaijan Is To Spend 8 Billion Dollars On Inaugural European Games” başlıqlı yazı da getmişdi.
Görürsünüz, avara bir tədbirə 8 milyard dollar pul silinib, böyük hissəsini ofşor coğrafiyasında yerbəyer edən hakim elita pandemeya dövründə 600 min adama 134 milyon dolları 134 minnətlə verir. Təsəvvür edin ki, Astananın paytaxt kimi tikilməsinə Qazaxıstan 20 il ərzində 2,3 trilyon tenge vəsait xərclədi, Lakin artıq yeni paytaxtın salınmasına çəkilən xərcədən 2,5 dəfə artıq, yəni 6 trilyon vəsaiti Astana vergi kimi dövlət büdcəsinə qaytarıb və hər ildə respublika büdcəsinə 850 milyard tenge vergi ödəməkdə davam edir. Bəs Əliyevin Avropa yay oyunları adı altında külünü göyə sovurduğu 8 milyard dollardan ölkə büdcəsinə hansı qara qəpik daxil olub? Bax, ölkəni belə çökürdürlər, idman adı altında belə dağıdırlar, belə talan edirlər.
Əliyevlərin bu ən böyük korrupsiya proektinin baş meneceri Azad Rəhimov idi. Sonra yeni korrupsiya forması olan “Formula”lar, İslam oyunları olipiadası və daha nələr. Qədim Yunanıstanda Olimpia məşəli yandırılandan bəri hələ heç kim onun oduna Əliyev ailəsi kimi qızınmamışdı, hələ heç kim o məşəldən Əliyev ailəsi kimi qazanmamışdı. Bütün tarixi ərzində olimpiya oyunlarına bu qədər “xərc” çəkilməmişdi. İdman sərfəli korrupsiya layihəsidir. Orada hesabatlılıq yoxdur. İstənilən qədər pul silmək çox rahatdır. Həm böyük həcmdə pul oğurlayırsan, həm kreativ görsənirsən, həm də kleptokratik cəmdəyini aləmi-mədəniyyətə “inteqrasiya” edirsən.
İndi Əliyev rejimində elə bir vəzifəli şəxs yoxdur ki, korrupsiyaya bulaşmadığı barmaqla göstərsən. Ziya Məmmədov gedəndə hökumət saytları yazdı ki, 3 milyard daldalayıb, Fazil Məmmədov gedəndə dedilər 4 milyard daldalayıb, Səlim müslümovun da 2 milyard çırpışdırdığın yazırdılar. Tutulan icra başçılarının pul bağlamaları göz qabağında, Əbülfəs Qarayevin “mədəni” korrupsiyası utanc mənbəyidir. Ölkənin sərhədlərindən pul “çıxaran” baş sərhədçinin də başı dərddədir, AZAL müflis olduqca Cahangir Əsgərovun korrupsiyası çiçəklənir, Kəmaləddin Heydərovun korrupsiya imperiyasının coğrafiyası Azərbaycandan dəfələrlə böyükdür, idman sağlamlıq olsa da Azad Rəhimov idmanla ölkəni böyrü üstə qoyub.
Kimi deyəsən, kimdən danışasan? Baş nazirin birinci müavini Yaqub Eyyubov “otqat” pulundan özünü 800 min avroluq diş düzəltdirir? Ölkənin yeganə akademik naziri Əli Abbasov hər ay 300 min manatlıq paket götürürdü. Yerin altından pul çıxaran Tağı Əhmədov hər dörd jetondan birini mənimsəyib Akif Çovdarova 3 milyon dollar rüşvət verirdi. Akif Çovdarovun əyri yollarla ələ keçirdiyi əmlakını məhkəmə 33 milyon manat qiymətləndirmişdi. Naziri isə ölkənin təhlükəsizlik orqanlarını bazara çevirmişdi. Hamısı da YAP-ın üzvü, partiyanın Siyasi Şurasının başbilənləri. Bir dəstə mütəşəkkil kriminal korrupsiya çetesi dövlət adına bu ölkəni sökürlər, dağıdırlar, talan edirlər.
Niyə korrupsiya belə səviyyədə çiçəkləndi bizim ölkədə, məmləkətin çırağını söndürü bildi? Çünki bu mütəşəkkil kriminal şəbəkənin başında bilavasitə İlham Əliyevin özü dayanır. Nə qədər ki, belə davam edəcək bu ölkəyə nicat yoxdur. Bu şəbəkə dövləti çökürdüb, müdafiə xərclərini oğurlayıb, milli varlığı təhlükə altına alıb. Bircə qalıb bu zavalla məmləkətə korrupsiya kəfənində dəfn etmək. Narahat olmayın, korrupsiyaya bulaşmış dini idarələrimiz də bu dəfnə fatihə verməyə dünəndən hazırdırlar.