Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.
AİHM hesab etdi ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrıseçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyib.
Azərbaycan ərizəçilərə 15, 143,33 funt strerling təzminat ödəməlidir.
İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.
Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edir ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.
Ərizəçilər bundan əlavə, Ramil Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.
Amerikanın səsi