![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2015/09/gultekin-hacibeyli1.jpg)
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu gün Milli Şuranın iclaslarından kiberçinayət yolu ilə əldə etdikləri beşinci videogörüntünü paylaşdılar. Yenə də hədəfdə mənəm. Yenə də yalnız mənim çıxışlarım seçilib, bir hissəsini kəsib, doğrayıb lazım olanını paylaşıblar.
Bu videopaylaşımların məni müxalifət düşərgəsində bir çox adamla düşmən etmək və Milli Şuradan uzaqlaşdırmaq məqsədilə yayıldığını görməmək üçün kor olmaq lazımdır.
Övladımı əlimdən almaq istədilər, sındıra bilmədilər.
Evimə həbs qoydular, sındıra bilmədilər.
Maşınımı əlimdən aldılar, sındıra bilmədilər.
Mənə qarşı illərlə ən iyrənc qaralama kampaniyaları apardılar, sındıra bilmədilər.
Xüsusi ittiham qaydasında cinayət işi açıb iki il məhkəmələrdə süründürdülər, sındıra bilmədilər.
Saxta məhkəmə qərarı ilə üzərimə 85 min manatlıq iddia yüklədilər, sındıra bilmədilər.
Telefonumu, fotolarımı əxlaqsız saytlara, saxta insragram hesablarına yerləşdirib mənəvi terrora məruz qoydular, sındıra bilmədilər.
Hətta diplomatlarla səsimi yazıb, yayıb məndən vətən xaini düzəltmək istədilər, sındıra bilmədilər.
Sonra xoşməramlı təkliflərlə gəldilər, ən yüksək səviyyədə sevgi və sayğılarını ifadə etdilər, “ora sənin səviyyən deyil, sən daha yaxşısına layiqsən” dedilər, bütün problemlərimi həll etməyə söz verdilər, hər şeyin çox gözəl olacağını, yetər ki, mən Milli Şuradan bir az məsafə saxlayım, bir az özüm üçün yaşayım dedilər. Hətta dostlarına xəyanət et də demədilər, cəsarət etmədilər, məni azdan-çoxdan tanıdıqları üçün.
Təkliflərini qəbul etmədim və …
… dedilər ki, indi bu dünyanı sənə cəhənnəmə çevirəcəyik. Elə edəcəyik ki, sənin uğrunda fədakarlıq etdiklərin də, ən əxlaqsız adamlar da birləşib üstünə gəlsin, səni aşağılasın, ta o vaxtadək ki, bezib bizdən yaxşısı olmadığını anlayasan.
Dediklərini edirlər, maşallah. Əlləri də çox uzundur, açıq və gizli əməkdaşlıqda olan bütün şəbəkəni üstümə salıblar. Olsun.
Siz bir şeyi yaxşıca yerləşdirin beyninizə. Mənim bir böyük nöqsanım var- mən xəyanəti heç kimə bağışlamıram. Bağışlaya bilmirəm, bəlkə də daha müdrik olub bağışlamaq lazımdır, mən bacarmıram. Siz də mənə xəyanət etmisiniz.
İndiki zəmanə üçün qüsur sayıla biləcək bir cəhətim də var. Məğlub olacağımı bilsəm də, öləcəyimi bilsəm də, hər şeyimi itirəcəyimi bilsəm də mənə inanan, mənə güvənən insanlara arxa çevirə bilmirəm. İstəyir başıma güllə çaxın, istəyin gecə-gündüz televiziyalarınız, lap bütün vətəndaş cəmiyyəti, lap bütün ölkə məni qaralasın, mən Cəmil müəllimə və Əli bəyə arxa çevirməyəcəyəm. Onlar mənə xəyanət etməsələr, ölsəm də çevirməyəcəyəm.
Odur ki, mənimlə bağlı bircə variantınız işləyə bilər. Oqtay Gülalıyevi öncə qəzada, sonra xəstəxanada məhv etdiyiniz kimi məni də məhv edə bilərsiniz.
Ancaq istənilən halda tarixə bir qadınla mübarizədə məğlub olmuş rejim kimi düşəcəksiniz. Sizə acıyıram.