Özbəkistanın Xarici İşlər Nazirliyi mayın 19-da bəyan edib ki, ölkədə yaşayan milli azlıqların vəziyyətindən heç bir narahatlıq yoxdur.
Bəyanatda bu da qeyd olunur ki, dövlət dilinin tənzimlənməsi ilə bağlı məsələlər “müstəsna olaraq Özbəkistanın daxili siyasətinin tərkib hissəsidir və bu məsələyə kənardan müdaxilə qətiyyən yolverilməzdir”.
Özbəkistan XİN bunu da bildirir ki, sözü gedən bəyənat “xarici ölkələrin bəzi rəsmilərinin şərhlərinə cavabdır”.
Bu xüsisilə vurğulanır ki, “bu şərhlər Özbəkistanda dövlət dilindən istifadə etməmək üçün cərimələr təyin edilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlıdır”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova iddia etmişdi ki, “Özbəkistanda sözü gedən qanun layihəsinə tərəfdar olanlar aşkar azlıqdadır”.
Zakharova habelə Özbəkistanda Rus dilinin inkişaf etdirilməsi üçün xüsusi proqramların hazırlandığını və Özbəkistanda yeni rus dili mərkəzlərinin açılacağını vurğulamışdı.
Özbəkistan XİN-in bəyanatında deyilir ki, ölkənin dövlət və hökumət strukturlarında iş qanuna müvafiq şəkidə dövlət dilində aparılır.
Bu qanun habelə ana dilinin maneəsiz öyrənilməsinə və ondan istifadəyə tam təminat verir.
“Qərəzli təbliğat”
Özbəkistan XİN-in bəyanatında bu da bildirilir ki, Özbəkistanda yaşayan başqa xalq və etnik qruplara “ehtiramla yanaşıldığını” ölkədə müxtəlif dillərdə təhsil verən məktəblərin olması göstərir:
“Bütün bunlara görə Özbəkistanda yaşayan başqa xalqların vəziyyətindən narahatlıq üçün heç bir əsas yoxdur”.
Bundan daha əvvəl Özbəkistanın Ədliyyə Nazirliyi Rusiyanın bir sıra medialarını “qərəzli təbliğat” aparmaqda, təklif edilmiş qanun layihəsini təhrif etməkdə ittiham etmişdi.
Bu qanun layihəsi qəbul edilərsə, Özbəkistanda dövlət dili olan Özbək dilindən istifadə etməyən məmur və rəsmilər 446 min somdan 1.1 milyon somadək (44-108 dollar) cərimə olunacaq.
Özbəkistanda rəsmi dil Özbək dilidir. Rus dilinin hətta millətlərarası ünsiyyət dili kimi də rəsmi statusu yoxdur.
Özbəkistanın “Dövlət dili haqqında” qanununun 9-cu maddəsində deyilir ki, dövlət hakimiyyəti və idarəçiliyi orqanlarında bütün işlər Özbək dilində aparılır və müəyyən hallarda bəzi sənədlərin başqa dillərə tərcümə edilməsinə imkan verilir.
Azadlıq radiosu