
Milli Şuranın sədri Cəmil Həsənli
Bir neçə gün əvvəl son bir ildə Xalq Cəbhəsinə üzv yazılmış, tanınmış idmançı, Avropa və dünya çempionu Səid Bakuvi (Məmmədzadənin) saxta və ssenariləşdirilmiş bir əməliyyat nəticəsində həbs edilib. Səidin həbsi Milli Şuranın rəhbərliyində təmsil olunan Tofiq Yaqublunun həbsi zamnı istifadə edilmiş ssenarinin oxşar variantıdır. Tofiq bəy maşını saxladığı halda gəlib maşının vurub özünü də günahkar çıxarırlar. Hadisəni törədən, yəni polis əməliyyatında rol alan şəxs hakim ailənin biznes təşkilatında çalışır. Səiddə isə ssenari bir ayrı cür cərəyan edir.
Səidin kiçik bir avtomobil xidməti yeri var. Polis öz Rüfət Məcidov adlı öz agentini ora göndərir dava salmaq üçün. Lakin Səid təmkinli davrandığı üçün dava baş vermir. O, “müştərini” sakitləşdirib yola sala bilir. Amma orada nə baş verməsindən asılı olmayaraq polis özünün qabaqcadan hazırladığı ssenari üzrə işi məhkəməyə verir və guya Səid maşın yuma adı ilə servisə gəlmiş Rüfət Məcidovu bıcaqlayıb.
Servisin müşahidə kameraları isə tamam ayrı şeylər göstərir, orada hər hansı bıcaqlanma, hətta dalaşma deyilən bir şey belə qeydə alınmayıb. Amma kleptokratik Əliyev rejiminin hüquq anlayışı nəyinsə baş verməsi ilə deyil, nəyinsə ssenariləşdiriləməsi ilə müəyyən edilir. Bu sistemdə polis, prokurorluq, məhkəmə orqanları bir-birini tamamlayırlar. İnsan taleləri üçlü qapalı hüquq triumvratında belə məhv edilir. Polis şərləyir, prokurorluq şəri dövləd adından müdafiə edir, məhkəmə isə şərə hüquqi don geyindirir. Neçə ildir Əliyevin korrupsiya rejimi bu yolla dövlət adından insanları şərləyir, işgəncə altında məhv edir.
Səidin günahı nədir? O, prezident qvardiyasında hərbi xidmət keçib. İdmanın qaydasız döyüş növündə böyük göstəriciləri var. Bu növ üzrə Avropa çempionu olub, dünya bürünc medalçısı olub. Azərbaycan bayrağın beynəlxalq yarışlarda qaldırıb. İdmanın qaydasız növü üzrə dünya tarixinə düşüb. Amma özü Konstitusyon nəzarətdən çıxmış Azərbaycan hüquq mühafizə orqanlarının qaydasız böhtanına tuş gəlib. Səid Bakuvi İlham Əliyevin Covid-19-dan yararlanaraq pandemiya dövründə Xalq Cəbhəsinə qarşı açdığı savaşın, müxalifətə qarşı həyata keçirdiyi “Çistka” (termin Stalinə məxsusdur) siyasətinin qurbanlarından biridir.
Səidin idman uğurları böyük olsa da, o, Xalq cəbhəsinə yeni gələnlərdəndir. Eyni zamanda Səid ədalət axtaran öz idmançı həmkarlarına müraciət etmişdi ki, ölkəni düçar olduğu haqsızlığın, korrupsiyanın, sosial fəlakətin cəngindən qurtarmaq üçün Xalq Cəbhəsinə gəlsinlər. Onun həbsinə fərman da məhz buna görə verilib. Məhkəmə onun haqqında həbs qərarı çıxarıb. Amma onun çağırışı cavabsız qalmadı. Post-pandameya dövrünün ilk günündə 100-dən artıq gənc Xalq Cəbhəsinə üzv olmaq üçün partiyanın elektron anketini doldurdu. Bu həm də Avropa və dünya çempionu Səid Bakuviyə dəstəkdir, onun səsinə səs verməkdir.