Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadə (Bakuvi)bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Bu barədə AXCP-dən məlumat verilib.
Məlumata görə, 3 gün əvvəl, mayın 16-da uşağını həkimə apararkən mülkigeyimli şəxslərin saxlayaraq naməlum istiqamətə apardıqları S.Məmmədzadəyə qarşı cinayət işi açılıb: “Bugün, mayın 19-da Səid Məmmədzadənin anasına Xətai Rayon Polis İdarəsindən zəng vurub deyiblər ki, oğlu həmin polis idarəsindədir. Guya o, kiməsə bıçaqla xəsarət yetirib”.
Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da “Turan” agentliyinə bu məlumatı təsdiqləyib: “Səid Məmmədzadənin hansı partiyanın üzvü olub-olmamasının məsələyə aidiyyəti yoxdur. O, işlətdiyi avtomobil yuma məntəqəsində vətəndaşa bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Əvvəl bir dəfə adam oğurluğuna görə, ikinci dəfə isə quldurluğa görə məhkum olunmuş S.Məmmədzadənin barəsində bu dəfə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Artıq S.Məmmədzadə barədə həbs-qətimkan tədbiri seçilib”.
Bu maddə ilə şəxsə 2 ildən 6 ilədək həbs verilə bilər.
AXCP S.Məmmədzadənin həbsini partiyaya təzyiq kimi qiymətləndirir: “S.Məmmədzadə ictimai əsaslarla partiya sədri Əli Kərimlinin mühafizəsində iştirak edirdi və onun həbsi siyasi fəaliyyəti ilə bağlıdır”.
Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmirlər.
Ə.Kərimlinin mühafizəçilərindən Niyaməddin Əhmədov isə terrorçuluğu maliyyələşdirməkdə şübhəli sayılaraq həbs edilib.
‘Uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb’
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadəni (Bakuvi) mayın 16-da mülkigeyimli şəxslərin saxladıqları bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib.
Məlumata görə, S.Məmmədzadə uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb: “Təxminən saat 15:00-da Səid Məmmədzadə uşağı ilə yol qırağı ilə gedərkən metronun “Elmlər Akademiyası” stansiyanın yaxınlığında ağ avtomobillə ona yaxınlaşıblar. Maşındakı bir nəfər “məni tanımadın?” soruşub. Mənfi cavab alandan sonra oradakı digər dörd nəfər uşağının gözü qarşısında zorla Səid Məmmədzadəni həmin ağ maşına otuzdurub, aparıblar”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq radiosu