AXCP-yə qarşı repressiyalara Milli Şuranın etiraz bəyanatı
Azərbaycan hüquq mühafizə orqanları prezident İlham Əliyevin 19 mart və 14 aprel tarixli nifrət çıxışlarında irəli sürülən proqram xarakterli tapşırıqlara uyğun olaraq ölkədə siyasi müxaliflərə qarşı repressiya mühitini daha da sərtləşdirməkdədir. Pandemiya dövrünün yaratdığı məcburi məhdudiyyətləri fürsət kimi dəyərləndirən Əliyev rejimi öz opponentlərinə, siyasi müxaliflərə, fərqli fikir daşıyıcılarına qarşı total təzyiq və təqib kampaniyasını davam etdirməkdədir.
Prezident Əliyevin nifrət çıxışından iki gün sonra Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu tamamilə qondarma və uydurma ittihamla şərlənərək həbs olundu.
Karantin qaydalarının pozulması bəhanəsilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri Vəfadar Əliyev 30 sutka, Şakir Məmmədli 15 sutka, Müsəlman Birliyi Hərəkatının üzvləri Samir babayev 30 sutka, Hikmət Ağayev 25 sutka, siyasi fəallar Elşən Babayev 30 sutka, Sərdar Qubadsoy 25 sutka, jurnalistlər Natiq İsbatzadə və Mirsahib Rahiloğlu 30 sutka, İbrahim Vəzirov və İsmayıl İslamoğlu 25 sutka müddətinə inzibati qaydada həbs cəzalarına məhkum olundular. Jurnalist Elçin Məmmədə qarşı cinayət işi açıldı.
Ölkənin əsas müxalifət platformu olan Demokratik Qüvvələrin Milli Şurasına qarşı dünya tarixində presidenti olmayan kibercinayət törədildi: Azərbaycan xüsusi xidmət orqanları kibercinayət yolu ilə öz əsas siyasi rəqibi olan Milli Şuranın Koordinasiya Mərkəzinin ZOOM sistemi üzərindən gerçəkləşdirilən qapalı on-line toplantılarının videogörüntülərini qeydə alaraq xüsusi seçmə yolu ilə onların bir-neçə dəqiqəlik hissələrini sosial şəbəkələr, sarı mətbuat və hətta ölkə boyu yayımlanan televiziya kanalları vasitəsilə yaydı, öz açıq və gizli təsir imkanlarını işə salmaqla Milli Şuraya qarşı sistemli və ardıcıl qaralama və böhtan kampaniyası apardı.
Lakin heç şübhəsiz ki, prezident İlham Əliyevin nifrət çıxışlarının da, bu çıxışlardan qaynaqlanan yeni repressiya və təqib dalğasının da başlıca hədəfi Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimlidir.
Əli Kərimli 13-14 aprel 2020-ci il tarixindən qismən, 15 aprel 2020-ci il tarixindən isə tamamilə internet blokadasına alınıb, onun və ailə üzvlərinin internetə çıxışı kəsilib. Kərimli ailəsinə mobil şəbəkə üzərindən danışıq imkanı da yalnız günün müəyyən saatlarında verilir, bəzən günlərlə ailəyə məxsus bütün mobil telefonlar da kəsilir.
Bu absurd təqibin məqsədi ölkənin ən reytinqli müxalifət liderinin cəmiyyət, ətraf aləm və hətta partiyadaşları ilə ünsiyyətini minimum səviyyəyədək məhdudlaşdırmaq, onun siyasi fəaliyyətini bloklamaqdır. Hal-hazırda Əli Kərimli 40 gündən çoxdur ki, internet blokadasındadır.
Hətta Əli Kərimlinin televiziya kabelini düzəltməyə gələn və heç bir siyasi mənsubiyyəti və fəaliyyəti olmayan televiziya kabeli ustası Məcidov Ceyhun Abdulmanaf oğlu buna görə 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Heç bir asayiş və karantin qaydası pozmadığı halda saxta və əsassız ittihamlarla AXCP fəalları Faiq Əmirov, Ruslan Əmirov Nicat Abdullazadə, Baba Süleymanov, Niyaməddin Əhmədov, Arif Babayev, Şəmsi Qəhrəmanov, Elvin Məmmədov, Əliağa Məmmədov, Elxan Əliyev və Ramid Nağıyev 30 sutka, Əvəz Əhmədov və Vüqar Əbilov 20 sutka, Anar Məlikov və Ceyhun Rzayev 10 sutka müddətinə azadlıqdan məhrum ediliblər. 25.05.2020-ci il tarixində inzibati həbs müddəti yenicə bitmiş Faiq Əmirov qondarma ittihamla yenidən 15 sukta azadlıqdan məhrum edilib.
AXCP fəalı, ağır məhrumiyyətlərlə dolu həyat yaşayan və sosial şəbəkələr üzərindən prezident Əliyevə müraciət edərək üç övladının maddi baxımdan təmin edə bilmədiyi üçün dövlətdən dəstək istəyən Aqil Hümbətov heç bir tibbi göstəriş və hüquqi əsas olmadan siyasi sifariş əsasında ruhi dispanserə salınmış və sovet dönəminin ən iyrənc tibbi-cəza təcrübəsinə uyğun şəkildə xəstə olmadığı halda məcburi qaydada “müalicəyə” cəlb edilmişdir. Onunla bağlı birinci instansiya məhkəməsində vicdanlı və ədalətli qərar qəbul edən hakim Samir Talıbov buna görə təcili qaydada cəzalandırılaraq hakimlikdən uzaqlaşdırılmışdır.
AXCP üzvü, qaydasız güləş üzrə Avropa çempionu sosial şəbəkələr vasitəsilə cəmiyyətə müraciət edib insanları hüquq və azadlıqları uğrunda mübarizəyə və AXCP-na üzv olmağa çağırandan az sonra ona qarşı qondarma və əsassız cinayət işi başlanılıb. Səid Məmmədzadə həmin cinayət işi üzrə eynilə Tofiq Yaqubluya qarşı quraşdırılmış cinayət işinin senarisinə yaxın bir tərzdə tanımadığı bir şəxsi döyməkdə, ona ağır xəsarətlər yetirməkdə ittiham olunur. Bir neçə gün öncə sosial şəbəkələr üzərindən yayılan həmin hadisəni qeydə alan videoregistratorun görüntülərindən aydın olur ki, Səid Məmmədzadə nəinki heç kimi döyməyib, heç kimə xəsarət yetirməyib, hətta təxribatçı şəxsin təhdidlərinə və təhqirlərinə baxmayaraq təxribat ehtimalını nəzərə alaraq onunla çox sakit və mədəni tərzdə söhbət edib, həmin şəxsə barmağı ilə də toxunmayıb. Bu rüsvayçılığın ifşası istənilən demokratik ölkədə ən azı hüquq mühafizə orqanlarının rəhbərliyinin kütləvi istefası ilə nəticələnərdi, lakin Azərbaycan kimi sərt repressiv rejimdə bu hal dövlət hakimiyyətinin müxalifətə qarşı ənənəvi cinayətləri seriyasında yalnız növbəti bir faktdır.
Karantin müddətində interneti və hətta bir neçə gün ərzində bütün telefon rabitəsi kəsilmiş Əli Kərimlinin evinə ərzaq apardığına görə şərlənərək 30 sutka müddətinə inzibati qaydada həbs edilən Niyaməddin Əhmədov inzibatini cəzasını çəkdiyi müddətdə qanunazidd şəkildə Binəqədi İnzibati Təcridxanasından çıxarılaraq DTX-nə aparılıb və orada 12 saat ərzində qısa fasilələrlə ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Bu zaman ondan Əli Kərimlinin əleyhinə saxta ifşaedici ifadə almağa cəhd ediblər. Niyaməddin Əhmədovun aldığı xəsarətlər çox ağır olduğundan Təcridxanaya qaytarandan sonra onu təkadamlıq kameraya yerləşdiriblər və vəkili ilə görüşmək imkanından məhrum ediblər.
İnzibati cəzası bitəndən dərhal sonra Niyaməddin Əhmədov təcridxanadan birbaşa Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 241.1-ci maddəsilə terrorçuluğu maliyyələşdirmək ittihamı irəli sürülüb və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Əli Kərimlinin ictimai əsaslarla cangüdəni olan Niyaməddin Əhmədova qarşı bu gülünc və əsassız ittihamı irəli sürmək heç şübhəsiz ki, AXCP və şəxsən Əli Kərimliyə qarşı illərdir davam edən repressiyarı rejimin arzuladığı məcraya yönəltmək və Əli Kərimlini terrorçuluqda ittiham edərək həbs etmək məqsədi daşıyır.
Mövcud olduğu 30 ilə yaxın bir müddət ərzində heç bir üzvü heç vaxt terror hadisəsilə yaxından-uzaqdan əlaqəli olmayan, bütün fəaliyyəti Azərbaycan Konstitusiyasına və qanunlarına hörmət üzərində qurulan ana müxalifət partiyasına qarşı bu saxta, əsassız və absurd ittiham, sözsüz ki, Azərbaycan hakimiyyətinin xalqın hər gün artan etirazının qarşısında çarəsizliyinin etirafıdır. Bununla Əliyev rejimi həm də bütün dünyanı “bizim alternativimiz terrordur” mesajı ilə təhdid etmək istəyir.
Demokratik Qüvvələrin Milli Şurası onsuz da misilsiz korrupsiya və pulyuma cinayətləri və COVİD-19 pandemiyasından öz siyasi opponentlərinə qarşı qeyri-insani sui-istifadəsilə bütün dünyanı heyrətləndirmiş Azərbaycan repressiv rejimini cinayət bataqlığına daha dərindən bulaşmamağa, öz durumunu, iqtisadi iflas və sosial kataklizmlər ərəfəsində olan ölkənin vəziyyətini daha çox ağırlaşdırmamağa çağırır.
Heç şübhəsiz ki, nə AXCP-yə, nə də sivil, dinc, konstitusion mübarizəni özünün başlıca qayəsinə çevirmiş Milli Şuraya terrorizmin maliyyələşməsi ittihamı heç bir halda yapışmayacaq, ancaq bütün dünya Azərbaycan despotik idarəetməsinin dinc və sivil müxalifətə qarşı hansı siyasi və mənəvi terror tətbiq etdiyini artıq əyani şəkildə görməkdədir.