Elnur Sadıqov
Bu gün Şuşada yaşananlar fəlakətiydi. Xalq və tarix qarşısında azacıq məsuliyyət hiss edən istənilən hakimiyyət baş verənlərə görə xəcalət hiss etməliydi.
Xarici düşmən qarşısında aciz vəziyyətdə olan rejimin öz xalqının övladlarına qarşı işgəncələr tətbiq etməsi də mənəvi yoxsulluğun təntənəsidir. “Evdə xoruz çöldə fərə” olmağın göstəricisiydi. Baş verənlərdən sonra heç olmasa daxili repressiyalara son verib milli həmrəylik tədbirləri haqda düşünərdi məsuliyyətli rejim.
Baş verənlər həm də ölkədə demokratiya və insan -hüquqlarıyla Qarabağ məsələsi arasında bağın olduğunu bir daha təsdiq etdi. İctimai populyarlılığını itirmək qorxusu olmayan hakimiyyət elə bugünkü kimi də davranmalıydı. İctimai etirazlarla üzləşmək qorxusu olan hakimiyyət istər hərbi, istərsə də qeyri-hərbi vasitələrlə bugünkü “andiçməni” təxirə saldırardı. Amma olmadı. Çünki ictimai etiraz təhdidi yoxdur.
Qərar yenə də Azərbaycan xalqınındır. Ya 1992 – ci ilin iyunundakı kimi milli iradəni hakimiyyət başına gətirib Qarabağı azad edəcək, ya da beləcə alçaldıla – alçaldıla ərazisində ikinci erməni dövlətinin yaradılmasına şahidlik edəcək.
Boş – boş nağıllar uydurmağa da ehtiyac yoxdur. Bu gün xalqın milli iradəsini az-çox ifadə etmək əzmi olan tək təşkilat Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Kütləvi şəkildə xalq bu təşkilata qoşulub milli iradəni meydana yatırmasa vəziyyət belə də davam edəcək. Seçim xalqındır.