Yaxud, Siyavuş Novruzov niyə narahat olmalıdır?
İlham Hüseyn
Milli Şuranın qapalı iclasından yayılmış görüntülərdə Vidadi Mirkamalın məhşur türk serialı “Eşkiya” haqqında səsləndirdiyi fikirlərə bir çoxları münasibət bildirib. Hətta YAP-ın gözmuncuğu Siyavuş Novruzov da dilə gəlib. “Camaat Əli Kərimlidən çox seriala baxır. Əli Kərimlinin fikirləri xalqa maraqlı deyil” söyləyib.
Əvvəla, vacib çıxışların vaxtının dəqiq hesablanması dünyanın hər yerində nəzərə alınır. Adamlar çalışır ki, öz çıxışlarını maraqlı futbol, film nümayiş olunan vaxtlara salmasınlar. Çünki məhşur filmlərin, idman yarışlarının yüzminlərlə izləyicisi var. Həm də bu yayımlar televizya vasitəsilə yayılır və daha əlçatan olur. Ona görə də yayım vaxtın müəyyənləşdirəndə bu nüansları nəzərə almaqda qəbahət yoxdur.
İkincisi, bütün rəqəmlər onu göstərir ki, bu ölkədə ən çox baxış olan siyasətçi Əli Kərimlidir. İstənilən adam yutub kanallarına göz gəzdirməklə bu sabit reallığı görə bilər. Siyavuş Novruzov gecə-gündüz arzu edər ki, onun çıxışına baxanların ümumi sayı, Əli Kərimliyə canlı baxanların sayı qədər olsun. Amma reallıq budur ki, 750 min üzvü olduğu iddia edilən partiyanın heç liderinin də çıxışlarına baxan yoxdur.
Üçüncüsü, Siyavuşu narahat edən “Eşkiya”ya Əli Kərimlidən çox baxılması deyil. Siyavuşları narahat edən xalqın rejim telekanallarını, rejim sözçülərinin çıxışlarını boykot etməsidir. Əli Kərimlinin həqiqətləri Aztv-lərin yalanların məhv edib. 10 nəfər YAP-çı AzTV-də özün həlak etsə də, yüzminlərlə insan “Azərbaycan saatı”nda, “Osmanqızı” kanalında Əli Kərimliyə baxır. Əks halda “analoqsuz komanda” Əli Kərimlinin internetindən sallaşmazdı. Adamı bir aydan artıqdır informasiya blokadasında saxlayırlar, amma müsahibələri yüzminlərlə insan tərəfindən izlənilir.
Və nəhayət, Siyavuş Novruzov narahat olmalıdır ki, Azərbaycan xalqı yerli telekanalları, yerli məhsulları boykot edib, xarici seriallarla qidalanır. Vidadi Mirkamal o iclasda “Əli bəy, yayımı başqa vaxta salın. Həmin vaxt AzTV-də YAP-çıların çıxışı olacaq” demirsə, deməli, siz məğlubsuz, cəmiyyət üçün maraqlı deyilsiz və rəqabətdə həlak olmusuz.
Əsas odur ki, siz Əli Kərimliyə uduzmusuz. Əli Kərimliylə “Eşkiya”nın rəqabət aparması isə müxalifətin uğurudu.