Milli Şuranın sədri Cəmil Həsənli
Şərqi Türkistan müsəlmanlarının haqq davası, varolma mücadiləsiylə bağlı bir əsərimi tamamlayıb Harvard Universitetinin kitab seriyasına təqdim etdiyim gün hörmətli din alimi, müstəqillik dövründə formalaşan üləmalardan biri kimi Hacı İlqar İbrahimoğlunun sosial mediada yayılmış videomüraciəti ilə rastlaşdım. Əlbəttə, çağdaş din alimlərimizin ölkənin həyatında gedən proseslərə münasibət bildirməsi müsbət haldır. Amma hörmətli Hacının son vaxtlar hakimiyyətin kibercinayətkar əməli nəticəsində yayılmış videolar fonunda Milli Şuradakı istefalarla bağlı cəmiyyətə müraciət etməsi, bu istefa verənlərdən biri kimi çox hörmətli Eldəniz bəyi bir ziyalı kimi az qala islam mücahidi, islam dəyərlərinin qoruyucusu və din təəssübkeşi kimi təqdim etməsi mənim üçün bir az anlaşılmaz oldu.
Eldəniz bəy bir sənət adamıdır və çoxlu maraqlı keyfiyyətləri də var. Bu istiqamətdə onun haqqında çox şey demək olar, xidmətlərin göstərmək olar. Amma bir islam üləmasının Eldəniz bəyi din təssübkeşi, islam dəyərlərinin qoruyucusu kimi təbrik etməsi çox qəribədir. Çünkü bəyin din təəssübkeşliyi də, islam dəyərlərinin qorunmasında fədakarlığı da üçcə lidr rus vodkasından keçir. Və yəqin Hacı da bunu bilməmiş deyil. Amma ola bilsin ki, mən Amerikaya gələndən sonra Azərbaycanda votkanı məkruh elan ediblər və mən bundan xəbərsizəm. Əgər bizim İslamı dəyərlərimizi Eldəniz bəy qoruyacaqsa, deməli dinizimizin gələcəyi çox “parlaqdır”.
Hörmətli Hacı bir şeyi unudur ki, Azərbaycan hələ ki şəriət qaydaları ilə deyil, millətindən, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsin haqqını tanıyan dünyəvi qanunlarla dayanır. Ana kimi dünyaya gətirməsindən asılı olmayaraq anadır, dünyaya gətirdiyi onun üçün övladdır, dünyaya gələn hər bir övlad üçün onun dünyaya gətirən varlıq anadır. Azərbaycan mədəniyyətində, mentalitetində, mənaviyyatında ananın yeri müqəddəsdir və onu təhqir etməyə heç kimin, o cümlədən “islam mücahidi” kimi Eldəniz bəyin də haqqı yoxdur. Hətta Freyddən iqtibas gətirsə belə. Bildiyim qədər bunu dinimiz də qadağan etmir. Bunun üçün Eldəniz bəyin aprelin 24-də yazdığı posta baxmaq yetərlidir.
Məni təəccübləndirən həm də odur ki, ölkəmizdə cinsi azlıqlardan başqa dinimizin deyəsən ayrı bir problemi yoxdur. Ya bəlkə bu mövzuda moize demək, islam təəssübkeşliyi ortaya qoymaq daha rahat və daha ziyansızdır. Məsələn deyək ki, Azərbaycan KQB-nin keçmiş sədri, uzun müddət millətçiliyə və islama qarşı mübarizə aparmış, Azərbaycan KP MK-nın birinci katibi və Sovet Politbürosunun üzvü və Sovet hökumətində ateizm məsələlərini də kurasiya etmiş Heydər Əliyevin adına məscid tikilməsi və Politbüro üzvü adına məscidin fəaliyyəti islama hörmətsizlik deyilmi, islam dinin ələ salmaq deyilmi? Üləmalarımız bunu etiraz ediblərmi? Kreativ bir din xadimi kimi Hacı İlqar İbrahimoğlu bu əxlaqsızlığa münasibət bildiribmi, səsini çıxarıbmı, etiraz edibmi? Overton pəncərəsinin Politbüro üzvü adına məscid verilməsini dəxli var, ya yoxdur? Axı, din, həm də əxlaq deməkdir.
Qüds günündə uzun uzadı moizə oxuyub islamın fəzilətindən danışmaqla iş bitmir. Ölkəmizdə zülm ərşə dayanıb, milyonlarla müsəlmanın haqqı tapdanır, dini hisləri təhqir edilir, içərilərində din alimləri də olmaqla yüzlərlə islam inanclı vətəndaşlar saxta, qurama, ssenariləşdirilmiş ittihamlarla zindanlara salınıb. Son 3-4 ildə terrorçu adı ilə istintaqsız, məhkəməsiz 40 nəfərə yaxın islam inanclı adamlar təhlükəsizlik və polis orqanları tərəfindən güllələnib. İslamın təməl prinsiplərindən biri zülmə etiraz etməkdir. Zülmü görüb ona etiraz etməmək zalimin əməlinə şərik olmaq deməkdir. Təəssüf ki, əməlimizdə “günahi-kəbirə” axtarn Hacı İlqar qardaşımızın bu məsələlrdə qəzəbləndiyin, əsəbləşib din qardaşlarımıza müraciət etdiyinin kimsə şahidi olubmu?
Nardaran məhbusu Abbas Hüseyn “bandotdeldə” döyülməkdən qan qusurdu, inanclı məhbusların bədəninə elektrik cərəyanı verirdilər. Qobustan cəza yerində Abbası çarmıxa çəkmişdilər, onu ələ salaraq: Allah-Allah deyirsən, hanı sənin Allahın, gəlib səni azad etsin də? Ramazan günlərində də onu müsəlmanların iftar haqqın tələb etdiyinə görə karsa salıblar, olmazın zülmlər edirlər Abbasa. Hanı üləmalarımızın səsi, hanı beytülhəq zəvvarlarımızın sədası, hanı kreativ din xadimi kimi Hacı İlqar qardaşımızın din təəssübkeşliyi? Təəssüf ki, ölkəmiz, dövlətimiz, hökumətimiz kimi, bəzi din qruluşlarımız da korrupsiyanın içindədir və yalnız maddi yox, həm də mənəvi korrupsiyanın.