Seymur Həzi
Hakimiyyətə daha bir beynəlxalq reaksiya AŞPA -nın Azərbaycan üzrə siyasi məhbuslara dair məruzəçisindən gəldi. Sunna Evarsdottir dedi ki, Avropa Şurası Əli Kərimlidən narahatdır. Eni zamanda bildirdi ki, karantin bitəndən sonra hesabatlar tənqidi olacaq. Bu o deməkdir ki, indi bilidrilən fikirlər qurum və ya onun rəsmisi tərəfindən tənqidi sayılmır. Əlbəttə diplomatic dildən anlayanlar bilirlər ki, bu günə kimi həm Helsinki Kommissiyasının bəyanatı, həm AŞPA həmməruzəçilərinin bəyanatı, həm beyməlxalq hüquq müdafiə təşkilatlarının mövqeləri vəziyyətin kritikliyini olduğu kimi təsvir edib və bu əslində tənqidi ritorika sayılır. Yəni COVİD-19 dan istifadə edib müxalifəti sıradan çıxarmaq istəmək antibəşəri addımdırsa, bunun da Azərbaycanda baş verdiyini bütün dünya car çəkirsə, bu nə deməkdir? O demək deyilmi ki, Azərbaycan hakimiyyəti bu cür antibəşəri işi həyata keçirir? Amma görünür ki, AŞPA-da da nəhayət yəqin etdilər ki, Azərbaycan hökuməti öz əməllərini etiraf etmək fikrində deyil. Onunla daha sərt və birmənalı dildə danışmaq və beynəlxalq birliyin ümumi “ittihamı”nı irəli sürmək lazımdır.
Daha sərt tənqidi dilin seçiləcəyini indidən bəyan etmək həm də hakimiyyətə hələ çox gec olmadığının mesajını verməkdir. AŞ təmsilçisi demək istəyir ki, nə qədər ki, gec deyil, qırmızı xəttin arxasına qayıtmaq və münasibətləri düzəltmək lazımdır. Kiminlə, təbii ki, xalq və onun təmsilçisi, həqiqi opponentlərlə. O siyasi şəxslər və qurumlarla ki, indi hakimiyyət onlara münasibətdə dünyada narahatlıq yaradır. Hakimiyyət isə narahatdır ona görə ki, lazım olmadığı halda münasibətləri kəskin sərtləşdirib və siyasi olaraq geridönüşü olan bir yolu psixoloji olaraq özü üçün bağlayıb. Beləliklə, hər iki tərəf Əli Kərimlidən narahatdır. AŞPA Əli Kərimliyə və onun liderlik etdiyi siyasi hərakata qarşı baş verməkdə olan repressiyalardan narahatdır. Hakimiyyət və onun yeni peykləri isə Əli Kərimli ətrafında yaratdıqları tendensiyanın yerli və beynəlxalq ictimaiyyətdə özlərinin ziyanına işləməsindən çox narahatdır.