![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/02/memmed-ibrahim.jpg)
AXCP RH üzvü Məmməd Ibrahim
Karantin qaydasını pozmaqda ittiham olunaraq, 30 sutka həbs olunmuş və 3 gün bundan əvvəl həbs müddəti bitdikdən sonra yoxa çıxmış, AXCP üzvü Niyameddin Ahmedovun DTX-ya aparıldığı və orda ona işgəncə verilib özünə və AXCP sədri Əli Kərimliyə qarşı ifadə alınmağa çalışıldığı barədə gümanlarımızı yazırdıq. Gümanımız özünü doğrultdu. Bu gün ona, cinayət işi açıldığını eşitdik. Qondarma, həm də ağır ittihamla. CM-nin 214-1 maddəsi ilə. “Terorçuluğu maliyyələşdirmək”. 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə. Artıq 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Absurd bir ittiham. Həm də gülməli. Kirayə pulunu verməyə vəsait tapmayan Niyaməddin bəy, terorçuları maliyyələşdirirmiş.
Bu dövlət başçısının MŞ-nı və AXCP-ni düşmən elan etməsi prossesinin davamıdır, nəticələrindəndir. Bu həm də, Niyamıddin bəyin 19 oktyabr mitinqində Əli Kırimlini axıra qədər tək qoymamasının qisasıdır. Eyni qisas hissi Tofiq Yaqublunun da həbsinə səbəb olub.
Bunu hamı bilir, başa düşür.
Bu saxta ittihamla hakimiyyət nəyə nail olmaq istəyir?
AXCP üzvlərini qorxutmağa? Bundan əvvəl yüzdən artıq həbslər bunun mümkün olmadığını sübut edib.
Xalqı, ictimaiyyəti bu saxta ittihama inandırıb, AXCP-dən soyutmağa, ondan uzaqlaşdırmağa, onu qınaq obyektinə çevirməyə?
Dediyim kimi, bunu hamı başa düşür. Bir neçə həqiqi ziyalı, vicdanlı ictimaiyyət nümayəndəsi artıq etiraz səsini ucaldıb. Bunun qəbuledilməz vəhşilik, vandalizm olduğunu bildiriblər. Niyaməddin bəyə azadlıq tələb ediblər.
Bir sözlə, bütün həbslər kimi, Niyaməddin bəyin həbsi də, hakimiyyətə heç bir şey qazandırmayacaq, onu həm ölkədə, həm xaricdə, həm də beynəlxalq təşkilatların nəzərində daha da nüfuzdan salacaq, qınaq obyektinə çevirəcək və təzyiqlərə məruz qoyacaq.
Hakimiyyətdən Niyaməddin bəyə irəli sürdüyü ittihamı dayandırmağı və dərhal azad etməsini tələb edirik.
P.S. Amma bir qrup da özünə “müxalifət” deyənlər də var ki, hərisliklə gözləyirlər ki, görək bu gün MŞ-nın iclasından daha hansı video yayılacaq ki, tez başlayaq bambılı-bambılı statuslar paylaşmağa, lağ eləməyə, “gördünüz bunlar nə danışıblar?” deyib qonşu evi pusan arvadlar kimi hay-küy salmağa. Onların nə vecinə ki, Niyaməddin bəyə necə işgəncə veriblər, ona qondarma ittihamla cinayət işi qaldırıblar, həm də elə bir maddə ilə ki, 10 ildən yuxarı həbs gözləyir. Buna onların həm də, cəsarətləri çatmır fikir bildirməyə, etiraz etməyə. Çünki bəzisinin hakimiyyət qarşısında bir zibili, bəzisinin öhdəliyi var.