Araz Gündüz
Kim necə istəyir elə də yozsun, ancaq mən bu iki müxalifət lideri haqqında son düşüncələrimi bölüşməyə ehtiyac duydum və onlara çatası “haqqı” ödəməyə çalışdım.
Əli Kərimli — xalqımızın dövlətçilik təfəkkürünün susmayan, qısılmayan səsidir: bütün dedikləri, danışdıqları və elədikləri dövlətimizin öz mahiyyətinə uyğunlaşması, xalqla bütünləşməsi və ümumilikdə ölkəmizin tərəqqi yoluna çıxması üçündür. Əli Kərimlinin öz mühakimələrində yararlandığı meyarlar məntiqin, intellektin və sağlam düşüncənin gücünə arxalanır, xalqın xoşbəxt gələcək perspektivləri şərh edilir və xalq layiq olduğu gələcəyə səslənir. Əli Kərimlinin parlaq natiqliyi və qarşısına əks arqument çıxarmağın demək olar ki, mmümkün olmadığı ritorikası onu güclü və görkəmli bir müxalifət liderinə çevirmişdir. Ona və başçılıq etdiyi partiyaya qarşı hakimiyyətin gördüyü repressiv tədbirlər, səsinin və sözünün xalqa çatmasının və xalqı səfərbər etmək üçün gördüyü işlərin qarşısının alınması üçündür. Çünki, Əli Kərimlinin tribunası xalqın daha geniş təbəqələri üçün açıq olan halda ölkədə ciddi dəyişikliklərin baş verməsi qaçılmaz olacaq. Əli Kərimliyə hakimiyyətdən başqa da “rəqiblərin” olması bütün hallarda təxribat xarakterlidir: çünki onun sözünə və fəaliyyətinə cavabları yoxdur, ancaq mövcud ağır vəziyyəti ən gülünc və iyrənc formalarla onun və silahdaşlarının adına yazmaq cəhdi var və bunu kütlənin küyə getməsi faktoru ilə əlaqələndirib görülən müsbət işlərin nəticəsini minimuma endirməyə çalışırlar.
Tofiq Yaqublu — xalqımızın haqq və ədalət uğrunda döyüşkən ruhunun, mənəvi saflığının, bütün ideologiyaların fövqündə dayanan insaniliyinin simvoludur. Tofiq Yaqublu — bu xalqın, özünün haqq işi uğrunda savaşı üçün döyüşçülər və sərkərdələr yetişdirmək qabiliyyətini itirmədiyini canlı şəkildə sübut edən bir örnəkdir. Tofiq Yaqublu — ən müxtəlif əqidəli insanları bir araya gətirmək üçün əməlləri mayak olan uca və işıqlı bir şəxsiyyətdir. (Əlbəttə, onun işığından gizlənən yarasa xislətli məxluqları da görməmək mümkün deyil.) Tofiq Yaqublu — pessimizmin nə demək olduğunu “bilməyən”, optimizmi şərəfli savaşının bayrağına çevirən bir qəhrəmandır. Onun “narahatçılıq şousu” ilə, “çərənçilikdən o tərəfə keçməyən arqumentlərlə nəzəriyyə qurmaqla” işi yoxdur, çünki döyüşün ön sırasına atılmaq, təhlükəni ilk olaraq qarşılamaq kimi mərdliyi var. Tofiq Yaqublu şəxsi ambisiyadan arınıb durulmuş bir şəxsiyyət olmaqla yanaşı, xarici amillərin şirnikləşdirmə və təhdidetmə kimi təsirləri qarşısında da sarsılmadan duruş gətirən səbatlı bir insandır. Onun bu dayanıqlı, səbatlı duruşu, ümidləri qırılmağa qoymayan, arzuları qanadlandıran bir hadisə yaradır. Tofiq Yaqublunun xalqı səfərbər etmək və öz hüquqları üçün uğurlu döyüşə aparmaq kimi parlaq istedadı, bu təhlükəli yolda ölüm qorxusundan ucalıqda dayana bilməsi, Şəri təmsil edən Azərbaycan iqtidarını ölümcül qorxuya saldığı üçün, Tofiq bəyi öz xalqından təcrid edib dustaq etdilər. Tofiq bəyin İlham Əliyevlə, yaxud hakimiyyətdə təmsil olunan hər hansı bir kəslə intriqası yoxdur. Onun savaşı xalqın qəsb edilən haqlarının, xoşbəxt yaşaya bilmək hüququnun, bir sözlə, insan kimi yaşaya bilmək ləyaqətinin onun özünə qaytarılması uğrundadır.