AXCP RH üzvü Məmməd İbrahim yazır
Bir neçə gün bundan əvvəl Əli bəylə telefonla danışanda, artıq televizorunun da göstərmədiyini dedi. Televizora baxdıqları yerdə birdən birə çöldə olan sputnik antenlərindən gələn siqnal kəsilmişdi.
Çoxdan tanıdığım Ceyhun adlı usta ilə danışıb, Əli bəygilə göndərdim. Bir neçə dəqiqədən sonra Ceyhun zəng etdi ki, Əli bəygilin blokunun önündəyəm. Dedim gözlə, zəng edim qalx yuxarı. Əli bəylə danışıb yenidən ustaya zəng vurdum ki, deyəm qalx yuxarı, telefona cavab vermədi və bir müddət sonra telefon tamamilə söndürüldü. Beləcə bir neçə saat keçdi. Artıq polislər tərəfindən saxlandığına şübhəm yox idi, ancaq Ceyhunun soyadını bilmədiyim üçün, nə polis idarəsindən, nə 102 xidmətindən, nə də Binəqədi saxlama yerindən məlumat ala bilmirdim. Evlərini də tanımırdım.
4-5 gün axtarışdan sonra, nəhayət bir başqa tanış ustanın vasitəsi ilə bibisigilin evini tapdım və öyrəndim ki, həmin gün Ceyhunu Əli bəyin evinin önündə saxlayaraq, məhkəməyə çıxardıb, 30 sutka inzibati həbs cəzası veriblər.
Təsəvvür edirsinizmi, heç bir partiyanın üzvü olmayan, siyasətlə qətiyyən maraqlanmayan bir adamı, sırf Əli Kərimlinin televizor antenini düzəltməyə getdiyi üçün həbs ediblər. Bu artıq həyasızlığın son həddidir. Bu qədər zalımlıq olarmı? Evindən 5 manat çörəkpulu üçün çıxmış ustanın nə günahı var? Nəyə nail olasınız bu qədər görünməmiş, analoqu olmayan cılız hərəkətlırinizlə?
P.S. Ceyhundan sonrakı günlərdə ora başqa iki usta getmişdi, ancaq onlar da evə gedib çıxa bilməmişdilər. Bir müddət sonra zəng edib onlardan niyə gəlmədiklərini soruşduqda, “gəlmişdim, polislər qoymadılar binaya daxiı olam, geri qaytardılar” cavabını aldıq.