Demokratik Qüvvələrin Milli Şurasının üzvlərinin iştirakı ilə keçirilən videokonfransın görüntüləri onlar tərəfindən deyil, xarici müdaxilə nəticəsində yayılıbsa, bu, kibercinayətkarlıqdır. Bu fikri media hüququ sahəsində ekspert Ələsgər Məmmədli Turan agentliyinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə videokonfrans iştirakçıları qurğularının texniki yoxlanmasını aparmalıdırlar. Bu, müdaxilənin kimin kompüteri vasitəsilə olduğunu müəyyən edə bilər və bundan sonra hüquq-mühafizə orqanlarına müraciət oluna bilər.
İlkin müstəqil texniki ekspertiza vacibdir ki, hüquq-mühafizə orqanları konfrans iştirakçılarının özlərini “videomaterialların sızdırılmasında” ittiham etməsin, o qeyd edib.
Xatırladaq ki, son günlər hakimiyyətyönlü KİV DQMŞ üzvlərinin videokonfransından materiallar yayır. Tədbirdə bəzi jurnalistlər, KİV və müxalifətçi siyasətçilərin fəaliyyəti mənf qiymətləndirilir.
DQMŞ üzvləri hesab edirlər ki, bu kadrların dərci müxalifətə qarşı qarayaxma və gözdən salma xarakteri daşıyır.
Turan.az