Xalq Cəbhəsi Partiyasının fəalı, Qarabağ müharibəsi veteranı Babək Həsənov mayın 17-də həbsdə aclıq aksiyası elan edib. Bu barədə o, telefonla qardaşı Cavid Həsənliyə bildirib.
Aclıq koloniya administrasiyasının hərəkətinə etiraz olaraq başlayıb. Belə ki, administrasiya digər məhbusların onunla ünsiyyət qurmasına qadağa qoyub.
Qardaşının sözlərinə görə, B.Həsənov danışıb ki, bəzi məhbuslar onunla ünsiyyətdə olduqlarına görə nəzarətçilər tərəfindən döyülüb.
“Ümumiyyətlə, o müəssisədə vəziyyət çox acınacaqlıdır. Heç bir əsas olmadan məhkumlara təzyiq edilir. Həftələrlə, hətta bir ay karsda saxlayırlar, rüşvət alıb buraxırlar”, – məhbusun qardaşı bildirib.
Öz növbəsində Penitensiar Xidmət Babək Həsənova təzyiq və aclıq faktını inkar edir. Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məhbusların Babək Həsənovla ünsiyyətə görə cəzalandırılmasını da təkzib edib.
Xatırladaq ki, B.Həsənov AXCP-nin guya qanunsuz maliyyələşdirilməsi ilə bağlı uydurma iş üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə bir neçə nəfər də mühakimə olunub. Onların günahı ondan ibarətdir ki, siyasi məhbusların ailələrinə maddi yardım göstəriblər.
Contact.az