Mayın 1-də “Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində şahid qismində dindirilib.
Jurnalist müsahibəsində indiyədək hansı cinayət işi üzrə şahid qismində dindirildiyini bilmədiyini deyib.
“Mayın 1-də evimin qapısını bir nəfər döyərək qaz sayğacına baxmalı olduğunu dedi. Mən qapını açdım. Bu zaman 4 nəfər qəflətən evə daxil oldu. Dedilər ki, prokurorluqdanıq, evinizə baxış keçirməliyik. Onlardan sənəd tələb etdim. Sənədlərini göstərdilər. Yəni kobudluq olmadı. Dörd nəfər bizim binadan olan iki nəfər şahidin iştirakı ilə evə baxış keçirdilər. Mən onlara dedim ki, evdəki əşyaları dağıtmayın, siz nə tələb etsəniz təqdim edəcəm. Evimizin üç otağının hamısına baxış keçirdilər, sənədlər, kitablar olan yerə, yəni hamısına baxdılar. Sonra dedilər ailənizin pul saxlanılan bir yeri varmı? Mən də kiçik bir çanta var idi, təqdim etdim, dedim ki, mənim olan pulum buradadır. Protokol tərtib etdilər. İki kompüterimizi, iki telefonumuzu, daha bir köhnə telefonumuzu protokollaşdırıb götürdülər. Pul, manatlar, 300 dollar, bir də 300 avro idi. Oğlum Berlində oxuyur, onun təhsil haqqı idi. Onlara da dedim ki, bu pullar oğlumun təhsil haqqıdır. Əvvəl pula toxunmadılar. Sonra telefon danışıqları oldu. Dedilər ki, manata dəyməyin, xarici valyutanı götürün. Yəni 300 dollar, 300 avronu şahidlərin iştirakı ilə protokollaşdıraraq götürdülər. Bir də media kartımı (vəsiqə) götürdülər. Mən dedim ki, media kartımı və kompüterin birini evdə saxlayın. Mən onunla işləyirəm. Dedilər aparırıq, problem yoxdur, qaytaracağıq.”
Axtarışdan sonra Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində ifadə verib.
“Təqdim etdikləri sənəddə də yazılmışdı şahid qismində ifadə verməyə dəvət edilir. Evimdə axtarış bir saat yarım çəkdi. Sonra Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldım. Orada ailəmlə telefon əlaqəsi saxlamağımı, vəkil çağırmaq üçün imkan vermələrini xahiş etdim. Lakin buna imkan vermədilər. Dedilər siz şahid qismində dindirilirsiniz. Burada cinayət işi yoxdur. Orada ümumi sorğu aparıldı, haradan qazanc əldə edirəm, partiyada (AXCP) hansı işlərlə məşğulam, məhbus ailələri ilə bağlı işlərim nədir?”
Jurnalist dindirlən zaman təzyiqə məruz qalmadığını deyib.
“Dindirilmə tam normal keçdi. Düzdür, bəzən mübahisə doğuran məsələlər oldu. Mən şişirdilmiş heç nə deyə bilmərəm. Normal istintaq ifadəsi verdim.”
Səadət Cahangir hələ də kompüterlərinin, telefonlarının və vəsaitinin qaytarılmadığını deyib.
“Açığı mənim üçün də məlum deyil ki, cinayət işi yoxdursa, telefonlarımı, kompüterimi, media kartımı niyə saxlanılır?” o sual edib.
Jurnalist deyib ki, aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ad günündə reportaj hazırlamaq üçün onun evinə gedərkən də polis tərəfindən saxlanılıb.
“Evimdə axtarış, prokurorluqda dindirilməhadisəsi ondan sonra baş verdi. Düşünürəm ki, media kartımı da evdən çıxmamağım məqsədi ilə saxlanılır. Başqa bir səbəb düşünə bilmirəm,” Cahangir qeyd edib.
O, dindirilməsinin siyasi xarakter daşıdığını deyib.
“Məın bunu dindirilərkən də hiss etdim.”
Jurnalist evindən götürülən əşyalar və pul vəsaiti qaytarılmasa yaxın günlərdə şikayət verəcəyini deyib.
Öz növbəsində vəkil Fəxrəddin Mehdiyev bildirib ki, jurnalsitin didndirilməsi zamanı pozuntu qeydə alınıb.
“Səadət Cahangir dindirlmə zamanı vəkil tələb edib. Lakin o, vəkillə təmin edilməyib.”
Vəkil jurnalistin evindən götürülmüş avadanlıqlar və pul vəsaitinin qaytarılması üçün yaxın günlərdə şikayət edəcəklərini deyib.
Qeyd edək ki, prokurorluqda dindiriliməmişdən bir neçə gün öncə, aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir və bu təşkilatın Ali Məclis sədrinin müavini İradə Nəriman Əli Kərimlinin yaşadığı binanın girişində saxlanılaraq polis bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıblar. Baxmayaraq ki, onların hərəkət üçün icazələri olub.
Öz növbəsində rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib.
Amerikanın səsi