Hüseyn Abdullayev həbsdən alman deputatlara müraciət etdi
Həbsdə olan keçmiş̧ deputat Hüseyn Abdullayev vaxtilə sığınacaq aldığı Almaniyanın Bundestaqının deputatlarına məktub göndərib. Məktubunda vurğulayıb ki, başqa əlacı qalmadığına görə bu addımı atmaq qərarına gəlib.
Abdullayev bildirir ki, 2013-cü ildə Almaniyada siyasi sığınacaq alsa da, dövlətdən sosial yardım istəməyib.
İnterpolun qərarı olmadığı halda Türkiyədə tutulub Azərbaycana təhvil verildiyini, üç ildən çoxdur həbsdə saxlandığını, mənəvi-psixoloji təzyiqlərə qaldığını vurğulayan sabiq deputat səhhətində ciddi problemlər yarandığından həyatının kritik təhlükəylə üz-üzə qaldığını bildirir.
Hüseyn Abdullayev Almaniyanın onun ətrafında baş verənlərə reaksiyasından da narazılıq edir: “Almaniya dövlətinin qanunsuz həbsimə, zorakılıqla Azərbaycana gətirilməyimə olan reaksiyası yalnız səfirlik əməkdaşlarının məhkəməmdə iştirakı, mənimlə istintaq təcridxanasında bir dəfə görüşməsi ilə məhdudlaşdı.”
Abdullayev məktubunda alman deputatlardan bir sıra suallarına cavab istəyir: “Almaniya höküməti ilə Azərbaycandakı avtoritar rejim arasında hansı bilmədiyimiz münasibət var ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yumulur, saysız-hesabsız müraciətlərimə baxmayaraq, zəruri addımlar atılmır? Budurmu insan haqlarına, demokratiyaya və qanunun aliliyinə göstərilən hörmət və münasibət?”.
Abdullayev həbsdə olduğu dövrdə Almaniya kansleri Angela Merkelə, bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerə bir neçə dəfə məktub göndərib.
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.
Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.
Amerikanın səsi