Ilham Hüseyn
Salam ey Şuşa, necəsən?
Girovluğunun 28 yaşı tamam olur. Ürəyində arzu tutub, şam üfürürsənmi?
Ey Şuşa, bizim başımız pul yığmağa qarışıb, Şuşasevərləri repressiya etməyə qarışıb. Amma səni də yaddan çıxarmamışıq. “Şuşa” restoranı, “Şuşa” mağazası, “Şuşa” kafesi tikmişik.
Ey Şuşa, sən Xarı bülbüllə, Cıdır düzüylə başını qat. Biz başımızı AzTv-nin “gələn il Şuşada bayram edəcəyik” nağıllarıyla qatırıq.
Ey Şuşa, sən “lazım”ı gözləmə. “Lazım” hələ icra başçılarının pulların axtarır.
Şuşacan xəbərin oldumu, Cəbrayıla körpü çəkirlər. Biz də xeyir-dua vermişik.
Əzizim Şuşa, səni elə qəşəng unuduruq ki…
Qürurumuz şüşə boyda olub, cəsarətimizi mikroskop da göstərmir. Düşməni cavab atəşiylə susdura-susdura, özümüz də susmuşuq. Atəşkəs pozuntusun saya-saya, özümüz də pozulmuşuq.
Ey Şuşa, sənə gəlib çatmamış şəhid olan çoxlu oğullarımız var.
Əzizim Şuşa, hər il mayın 8-də səndən danışıb, qalan 364 gün səni unutmaqla məşğuluq.
Şuşacan, bayrağımızın uzun dirəyi var, Alov qüllələri də tikmişik. Amma o dirəkdən səni görmək olmur. O qüllələrdən sırtıq təbəssüm tökülür.
Şuşacan, yəqin xəbərin var, səni azad etmək üçün 28 ildir danışıq aparırlar. Amma heç nə danışa bilmirlər. Sadəcə vaxt aparırlar.
Ey Şuşa, biz vətən haqqında ağlaya-ağlaya danışıb, vətənsizliyi gülə-gülə yaşayan adamlarıq.
Ey Şuşa, xahiş etsəm üzümüzə tüpürərsənmi? Başımıza qapaz salarsanmı? Bilirəm, biz bivec övladlarıq.
Ey Şuşa, təcavüzünün doğum günü mübarək olmasın! Neçə belə illərə çıxmayasan!