Ötən gün ölkə ictimaiyyətini sarsıdan bir məlumat yayıldı. Məlum oldu ki, İran hökuməti Azərbaycan hökuməti ilə razılaşma əsasında öz ərazisindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonuna Araz çayı üzərindən körpü və bu çay üzərində su elektirik stansiyası tikib. O da məlum olub ki, bu saziş İran və Azərbaycan hökumətləri arasında 2016-cı ildə, fevralın 23- də bağlanıb. Azərbaycan Xalq Cəbhəsi partiyası bu hadisəni ölkəmizin imici, hakimiyyətin xalqa münasibəti, işğalda olan torpaqlarımızın geri alınması baxımından yolverilməz hesab edir. AXCP hesab edir ki, bu addım Azərbaycanın öz torpaqlarında suverenliyini bərpa etməsi işinə misilsiz zərbədir.
- Azərbaycan hakimiyyəti 2016-cı ildə imzaladığı bu razılaşma ilə həm milli maraqlarımıza zidd olan bu addımı qəsdən atdığını, həm də xalqın rəyini və maraqlarını ciddiyə almadığını ortaya qoyur.
- Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı və separatçı dəstəni faktiki blokadadan çıxaran bu körpünün rəsmi Bakının icazəsi ilə tikilməsi beynəlxalq aləmdə əsaslı olaraq Azərbaycan hakimiyyətinin işğal olunmuş torpaqları geri almağa ciddi yanaşmadığı fikrini yaratmaqdadır. Bu saziş, faktiki olaraq Azərbaycan hakimiyyətinin düşməni blokadadan çıxarmaq üçün verdiyi rəsmi icazəyə bərabərdir.
- “Xudafərin layihəsi” adlı bu avantüra həm işğalçı ordunun hərbi üstünlüyünü təmin edir, eyni zamanda Azərbaycan xalqı öz torpaqlarını qeyri diplomatik yolla geri almaq qərarı verərsə, o zaman Ermənistanın bu körpüdən hərbi məqsədlərlə istifadə etməyəcəyinə heç bir rəsmi və faktiki qarantiya yoxdur
- Azərbaycan hakimiyyəti tikilməsinə razılıq verdiyi körpü və SES-in istifadəsinə heç bir halda nəzarət etmək imkanına sahib deyil və buna görə də Azərbaycan bu sazişin yeganə uduzan tərəfidir.
- Bu addımı atmaqla Azərbaycan hakimiyyəti işğal olunmuş torpaqlaırımızın geri qaytarılmasında heç bir niyyətinin olmadığnı ortaya qoyur.
Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimyyəti bu addımlardan dərhal imtina etməyi, məlum tikintilərin ləğv edilməsi, istifadəsinin dayandırılması üçün lazımı prosedur işləri bir an öncə başlamağı tələb edir, Azərbaycanın hər bir vətəndaşını bu milli xəyanətə, dövləti cinayətə yox deməyə çağırır, bəyan edir ki, bu cür təslimçi siyasətlə heç zaman barışmayacaq və xalqımızın da barışmaması üçün bütün qanuni vasitələrdən istifadə edəcəkdir.
Bəyanatı AXCP Rəyasət Heyəti qəbul etmiş, AXCP Mətbuat Xidməti yaymışdır