Vəkil Fuad Ağayev
2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış və Milli Məclis tərəfindən həmin il iyunun 14-də təsdiqlənmiş Azərbaycan və İran arasında bağlanılmış“… “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş haqqında bir-birlərinə zidd çoxsaylı fikirlər səslənməkdədir.
Açığı, bu Saziş tərəfdarlarını başa düşmək çətindir – çünki aralarında savadlıları da var, ola bilsin, həqiqətin üzə çıxmasında onlara qərəzli olmaları maneə yaradır.
Saziş tərəfdarları deyirlər ki, müqavilə Azərbaycanla İranın ərazilərində icra olunur, Ermənistanın buna aidiyyəti yoxdur. Yumşaq desək, çox sadəlövh yanaşmadır, halbuki, əsas o deyil ki, torpaq formal baxımdan, rəsmi baxımdan hansı dövlətindir, əsas odur ki, sazişdə Azərbaycanın ərazisi kimi göstərilən əraziyə kim nəzarət edir!!! Sual olunur, nəzarəti Azərbaycan edirmi? Xeyr, həmin əraziyə nəzarət edən Ermənistandır!
Azərbaycan dövləti beynəlxalq müqavilələrinə bu məzmunda qeyd-şərt qoyur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə nəzarət etmədiyindən həmin müqavilələrin icrasına ərazilər azad olunanadək təminat vermir. Məsələn, Avropa Şurasının «Terrorçuluğun qarşısının alınması haqqında» Konvensiyasını imzalayanda, Azərbaycan Respublikası bəyan edib ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək təminat vermək iqtidarında deyildir. Sual olunur, niyə Azərbaycan tərəfi sözü gedən sazişlə bağlı bu yanaşmadan vaz keçib?
Sazişi dəstəkləyənlər deyirlər ki, bu layihə üçün indi xüsusi zolaq azad olunub və İran təminat verib ki, orda işğalçı qüvvələr olmayacaq. Birincisi, Sazişdə heç bir xüsusi zolaqdan söhbət getmir, ikincisi, İran Ermənistanın işğalı altında olan ərazilərə dair hansı təminat verə bilər? Bəlkə oradakı işçi qüvvəsi Azərbaycan vətəndaşlarıdır? İşğalçı qüvvələr 27 il əvvəl oraya daxil olubsa, onların orada olmayacağına kim təminat verə bilər. Hər halda sazişdə İran üzərinə belə öhdəlik götürməyib.
Sazişdə yalnız və yalnız “Xudafərin” körpülərinin bərpasından söhbət getsə də, həmin ərazidə Araz çayı üzərindən bir neçə yeni körpü salınıb ki, ermənilər özləri etiraf edirlər ki, İrandan həmin körpülər vasitəsilə onlara külli miqdarda yüklər, yanacaq daşınır. Halbuki, sazişdə yeni körpülərin tikilməsindən danışılmır.
Sazişin 2-ci maddəsinə əsasən Azərbaycan və İran sazişin icrası məqsədilə Birgə Texniki Komissiya yaratmalı idilər və yəqin ki, yaradıblar. Azərbaycan tərəfindən bu Komissiyasının fəaliyyəti üçün səlahiyyətli orqan Energetika Nazirliyidir. Bu nazirlikdən komissiyanın fəaliyyəti ilə bağlı hansısa məlumat verilibmi? Xatırlamıram. Əgər yeni körpülər saziş qüvvəyə mindikdən sonra tikilibsə, belə çıxır ki, buna Birgə Texniki Komissiya qərar verib. Yox, əgər, həmin körpülər Sazişdən əvvəl inşa edilibsə, bunun qanuniləşdirilməsinə görə kim məsuliyyət daşıyır?
Xələf Xələfov deyir ki, mətbuatda yer alan körpülərin tikilməsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır; İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Koqnitiv qabiliyyətləri barədə yüksək fikirdə olmadığım Xələfov faktiki deyir ki, adı bizimdir. Dadı kimindir? Dadı Ermənistanındır!