Milli Şuranın sədri Cəmil Həsənli
Azərbaycanın erməni işğalı altında olan Xudafərin sahəsindən Araz çayı üzərində körpü salınmasına razılıq verilməsi və habelə qeyd edilən ərazidə iki su elektrik stansiyalarının tikintisi İlham Əliyev hakimiyyətinin, ilk növbədə isə onun Xarici İşlər Nazirliyinin ən yüngül formada desək “diplomatik” maymaqlığının nəticəsidir. 2016-cı ilin fevral ayında imzaladıqları və ictimaiyyətdən gizli saxladıqları bir sazişlə erməni işğalı nəticəsində nəzarət etmədikləri ərazilərdə İrana siyasi, iqtisadi, hüquqi imtiyazlar veriblər. Normal qaydada qonşu dövlətlə əməkdaşlıq, saziş anlaşılandır. Amma axı, sazişin subyekti olan ərazilər Azərbaycan hakimiyyətinin nəzarətində deyil. Ən azından diplomatik qaydada sənəddə qeyd etmək olardı ki, bu sazişin icrasına onun subyekti olan ərazilər işğaldan azad edildikdən sonra başlanacaqdır.
Bu imtiyaz yalnız İranamı verilib? Əlbəttə ki, yox. İlk növbədə iğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rejiminə veriblər bu imtiyazları. Hələ üstəlik separatçı rejimə verilən imtiyazların dövlət büdcəsi hesabına xərcini də ödəyiblər. Bu məsələni gündəliyə gətirdiyinə görə İlham İsmayıl bəyə təşəkkür etmək lazımdır. Bunlar yalnız ölkəni talamırlar, həm də onun maraqların hərraca qoyurlar. Ölkənin Xarici İşlər Nazirliyi, Prezident xarici siyasət məsələləri üzrə müşaviri, Sərhəd və Təhlükəsizlik xidmətləri necə və hansı ağılla bu müqavilyə rəy veriblər. Bunun bircə adı var Vətənə xəyanət!
Nədən ibarətdir vətənə xəyanət faktı? İran son bir neçə ildir sanksiya altındadır. Öz yanacaq məhsullarını çıxarmağa fürsət axtarır. Azərbaycan hakimiyyətinin xeyir-duası ilə Araz çayı üzərindən salınan körpüdə Azərbaycan sərhəd xidməti yox, gömürük xidməti yox. Kim nəzarət edir ki, oradan nə aparırlır, kim təminat verə bilər ki, işğal olunmuş ərazilərdə daim bizi təhdid edən erməni hərbi texnikası uçuz İran yanacağı ilə üzərimizə gəlmir?
Xarici İşlər Nazirinin müavini deyir ki, 2016-cı ilin 23 fevral müqaviləsi ilə İran Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanyır. Görünür sazişdə bizim yeganə “muzdumuz” bu ərazi bütövlüyünün İran tərəfindən tanınmasıdır. Sual olunur: həmin sazişə qədər İran Azərbaycanın ərazi bütövlüyünü tanımırdı? Axı, 2016-cı ilin fevralında imzalanmış bu sazişə qədər İranla Azərbaycan arasında 100-qədər müqavilə, saziş, protokol və digər sənədlər imzalanıb və hamısında da BMT qətnamələrinin tələbinə uyğun Azərbaycanın ərazi bütövlüyü tanınıb. 101-ci dəfə mücərrəd ərazi bütövlüyünün tanınmasına görə işğal altında olan Azərbaycan ərazilərindən işğalçıya yol çəklişinə razılıq vermək olsa-olsa “diplomatik” sərsəmlikdir.
Hökumətin maymaqlığın, XİN sərsəmliyin başa düşdük. Bəs, ölkənin təhlüksizliyinə birbaşa zərbə olan bu saziş Məclisdə necə ratifikasiya edilib? 99 Məclis üzvü bu Sazişin radifikasiyasına səs verib. Heç biri iddia edə bilməz ki, xəbəri olmayıb. Bir qayda olaraq müqavilə, saziş, protokol və niyyət protokolları Məclisin təsdiqinə göndəriləndə onların mətni də bütün deputatlara paylanır. Necə olur ki, 99 səs verən deputatdan bircəciyi ölkənin maraqlarına ciddi zərbə vuran bu sazişi sorğulamayıb, izahat tələb etməyib. Çox yox, bircəciyi, heç olmasa bircə deputat qırığı!
Xələf Xələfovun açıqlaması məsələnin yeni təfərrüatını üzə çıxarır. O, deyir ki, “Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir.Mətbuatda yer alan körpülərin tikilməsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.” Əvvəla, bir halda işlərin davam etdirilməsi barədə razılığa gəliblərsə, bəs bu işlər nə zaman başlayıb, Azərbaycan tərəfi həmin prosesdə necə iştirak edir və sazişdən irəli gələn öhdəliklərini hansı qaydada icra edir?Büövlükdə bu tikintiyə və onun tərkib hissəsi olan yol çəkilişinə Azərbaycan büdcəsindən nə qədər vəsait ayrılıb? Ərazilərə nəzarət edən separatçı rejimin bu prosesdə rolu və iştirakı nədən ibarətdir? Çoxlu belə suallar cavabsız qalıb.
Yeri gəlmişkən bir maraqlı epizodu da qeyd etmək yerinə düşər. Sərhəd məsələsi hər bir ölkə üçün, o cümlədən İran üçün də həssas məsələdir. Bir neçə il əvvəl Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin 82 saylı Molotov fondu açılanda SSRİ ilə İran arasında sərhəd mübahisələrinin maraqlı məqamları ortya çıxdı. 1949-1952-ci illərdə Sovet İttifaqı ilə İran arasında sərhəd mübahisələri ilə bağlı aparılan danışıqlar, hazırlanan arayışlar və yazışmalardan aydın olur ki, həmin dövrdə də bu məsələ Azərbaycana məxsus torpaqların “güzəşti” hesabına tənzimlənib.
İranla Rusiya və Sovetlər arasında sərhədlər 12 oktyabr 1813-cü il Gülüstan, 10 fеvral 1828-ci il Türkmənçay müqavilələri, 9 dеkabr 1881-ci il, 27 may 1893-cü il Tеhran konvеnsiyaları, 26 fеvral 1921-ci il Sovеt-İran müqaviləsi ilə müəyyənləşmişdi. Bu sənədlərə görə hazırda Türkmənistan Respublikası prezidentinin yay iqamətgahının yerləşdiyi Firuzə məntəqəsi İrana düşürdü. Lakin Sovet İttifaqı strateji əhəmiyyətinə görə Firuzə məntəqəsinə münasibətdə müqavilə öhdəliklərini yerinə yetirmirdi.
Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi demək olar ki, daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi. Qeyd edilən illərdə İran Firuzə məntəqəsinin qaytarılması məsələsini qaldırdıqda Moskva onun əvəzinə Araz çayının sahilində Abbasabad qalası yaxınlığında 77 kv km sahəsi olan Azərbaycana məxsus Abbasabad ərazisini İrana verdi. O vaxt bu danışıqları SSRİ XİN və Sovet Sərhəd Xidmətinin rəsmiləri aparırdılar.
Bundan fərqli olaraq 2016-cı ilin 23 fevral sazişinə “özümüzünkülər” xeyir-dua verilib. Ərazisi işğal altında olan ölkənin müdafiə xərclərin oğurlayıb ofşor hesablara daşıyan, silah alverindən “otqat” qatlayan bir hakimiyyətdən bundan artıq nə gözləmək olar? Tarixin zəfər salnaməsin yazmış Xudafərin çox xəyanətlərə şahidlik edib. Qoy, bu da olsun həmin xəyanətlər zəncirində Əliyev diplomatyasının “uğur” hekayəsi.