ABŞ-ın nüfuzlu senatoru, dünyada insan hüquqlarının fəal müdafiəçisi kimi tanınan Dik Durbin Turan İnformasiya Agentliyinin 30 illiyi ilə əlaqədar azad KİV-in rolunu şərh edib.
“Qlobal bir pandemiya dövründə azad və müstəqil KİV-in rolu daha da mühüm olur. Bu, avtokratların pandemiyadan mətbuat azadlığını boğmaq üçün istifadə etməyə çalışdıqları ölkələrə daha çox aiddir”,- senator Turan-ın Vaşinqton müxbiri ilə söhbətində deyib.
“Turan-ın 30 illik yubileyi daha demokratik sistemin yaradılmasında Azərbaycan xalqına kömək etməyə hazır olduğunu təsdiqləmək anıdır”, – senator əlavə edib.
Sovet İttifaqında ilk müstəqil xəbər agentliyi olan Turan-ın tarixi 1990-cı illərə, Azərbaycanın hələ kommunist imperiyasının bir hissəsi olduğu vaxtlara təsadüf edir. Agentlik may ayında dövlət KİV-də çalışmaqdan imtina edən bir qrup jurnalist tərəfindən yaradılıb.
Ötən illər ərzində Turan auditoriyalar, xüsusən də insan hüquqları və korrupsiya kimi həssas mövzular üzrə xəbərlərə çatımlılığı məhdudlaşan auditoriyalar arasında etnik, mədəni və dil fərqlilyini aradan qaldıraraq bütün Qafqaz regionu üçün əsas xəbər mənbəyinə çevrilə bildi.
Ancaq son illərdə Azərbaycanda mətbuat azadlığının ciddi şəkildə məhdudlaşdırıldığını nəzərə alsaq, bu, jurnalistlərə çox baha başa gəlir. Azərbaycanın son müstəqil informasiya agentliyi olan Turan tez-tez hakimiyyət tərəfindən təqiblərə məruz qalır. 2017-ci ildə agentliyin rəhbəri Mehman Əliyevin həbsindən sonra agentlik qısa müddətə bağlanıb. Mehman Əliyevin həbsi beynəlxalq və milli səviyyədə qızğın reaksiyaya səbəb olub, senator qeyd edib.
Senator Dik Durbin 2018-ci maliyyə ili üçün Amerika maliyyələşmə və xarici əməliyyatlar haqqında qanuna onun həbsində əli olan azərbaycanlı məmurlara qarşı sanksiyaları nəzərdə tutan düzəliş etdikdən sonra M.Əliyev azad edilib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də demokratiyanın müdafiəsində agentliyin rolunu qeyd edib. O, Turan-ın uğurunu “jurnalistlərin canfəşanlığı və sədaqəti,
Azərbaycanda bu müstəqil medianın səsinin eşidilməsi üçün riskə getməyə hazır olması” ilə izah edib. “Bu gün dünya koronavirus haqqında mənfi xəbərlərə yönəlib və yaxşı xəbərin qeyd edilməsini qaçırmaq bağışlanılmaz olardı. Buna görə də Turan agentliyini 30 illiyi münasibətilə təbrik edirəm və demək istəyirəm ki, “Sükanı belə saxlayın!”
Contact.az