Aprelin 23-də Ali Məhkəmənin Plenumu qeydə alınmamış Respublikaçı Alternativ Partiyasının (REAL) lideri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verib.
Bəraət hökmü Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin martın 5-də qəbul etdiyi aralıq qətnaməsindən sonraya təsadüf edir. Qətnamədə İqar Məmmədov və Rəsul Cəfərovun adlarının da daxil olduğu 8 nəfərlik qrupun işi üzrə Avropa Məhkəməsinin qərarlarının təxirə salınmadan icrası tələb olunurdu.
Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olan ölkədir. Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə görə, Avropa Məhkəməsinin qərarlarının icrası Avropa Şurasının üzvü olan ölkələr üçün məcburidir. Nazirlər Komitəsi qərarların icrası ilə bağlı Azərbaycan hökumətinə aprelin 30-na qədər vaxt vermişdi. Göstərilən müddət başa çatsa da, 8 ərizəçidən yalnız iksinin işinə baxılıb.
Konstitusiyanın tələbləri 6 ərizəçiyə münasibətdə pozulub
Ali Məhkəmənin Plenumunun icra etmədiyi digər 6 qərar hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətində təmsil olunmuş Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənovun işi ilə bağlıdır.
Konstitusiyanın 25-ci maddəsi hər kəsin qanun və məhkəmə qarşısında bərabər olduğunu elan edir və dövlət əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarının bu əsaslara görə məhdudlaşdırılması qadağan edilir.
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına məhkəmə təminatı verildiyini bəyan edir. Konstitusiyanın 66-ci (Məhkəməyə təkrar müraciət hüququ) maddəsi isə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı instansiya məhkəməsində yenidən baxılması haqqında müraciət etmək hüququna təminat verir.
Avropa Məhkəməsinin siyasi motivlərlə məhkum edildiyini təsdiq etdiyi digər 6 nəfərin işinə Ali Məhkəmədə hələ də baxılmaması onların bərabərlik, məhkəməyə təkrar müraciət kimi konstitusion hüquqlarının pozuntusudur. Bu hal Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə də ziddiyyət təşkil edir.
“İğtişaş yaradan” siyasətçi və “qanunsuz sahibkar” olan hüquq müdafiəçisi
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda kütləvi iğtişaş törətməkdə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə təqsirləndirilirdi. Məmmədov 2014-cü ildə Şəki Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 4 il sonra şərti azadlığa buraxılmışdı.
Avropa Məhkəməsinin 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə bağlı iki qərarı olub. Məhkəmə 2014-cü ildə verdiyi qərarında Konvensiyanın 5, 6 və 18-ci maddələrinin pozuntusunu tanıyaraq İlqar Məmmədova ödənilməsi üçün 20 000 avro kompensasiya müəyyən etmişdi. Məhkəmə 2017-ci ildə verdiyi qərarında isə 6-cı maddənin pozuntusunu tanıyıb və İlqar Məmmədova mənəvi zərərə görə 10 000 avro kompensasiya ödənilməli olduğunu qət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi isə 2015-ci ildə Rəsul Cəfərovu qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Rəsul Cəfərov bu müddətin 1 il 8 ayını həbsdə keçirib. Avropa Məhkəməsi “Rəsul Cəfərov Azərbaycana qarşı” işində 5 və 18-ci maddələrin pozuntusunu tanıyıb və ərizəçiyə ödənilməsi üçün mənəvi zərərə görə 25 000 avro kompensasiya müəyyən edib.
Ali Məhkəmənin Plenumu həm Məmmədovun, həm də Cəfərovun işinə yeni açılmış hal üzrə baxıb. Plenum yerli məhkəmələrin hər iki şəxs barəsində çıxardığı hökm və qərarların əsassız və qanunsuz olduğu qənaətinə gəlib, Məmmədova 234 min, Cəfərova isə mənəvi zərərə görə 57 min 400 manat kompensasiya ödənməsi haqqında qərar qəbul edib.
Kompensasiya qərarları prosessual qanunvericiliyə uyğun verilib?
Qeyd edək ki, bəraət və vurulmuş ziyanın ödənilməsi Cinayət Prossesual Məcəllənin (CPM) V fəsli ilə tənzimlənir. Bu Məcəllənin şəxsin bəraət qazanmasına dair maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış şəxslər ziyanın ödənilməsi hüququna malikdirlər.
Şəxsin vurulmuş ziyanın ödənilməsi hüququ onun barəsində bəraətverici hökm verildikdə, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda və inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
Ödəniləcək ziyan isə şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan əsasında hesablanır. Ziyanın məbləği məhkəmə tərəfindən müəyyən edilir.
Ali Məhkəmənin Plenumunun Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı çıxardığı oxşar qərarlarda məhkəmə kompensasiya məsələlərinə toxunmayıb. Avropa Məhkəməsi Tacir Layıcov barədə çıxardığı qərarda işgəncələrin qadağan olunması və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyaraq ona vurulan mənəvi zərərə görə 10 000 avro kompensasiya təyin etmişdi.
Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin “Layicov Azərbaycana qarşı” qərarının icrası ilə bağlı qəbul etdiyi qərarda yerli instansya məhkəmələrinin qərarlarını ləğv edərək işin yenidın baxılması üçün Şəki Apelyasiya məhkəməsinə göndərmişdi. Şəki Apelyasiya məhkəməsi Tacir Layicova bəraət hökmü çıxartmışdı.
Azərbaycanda cinayət işləri üzrə birinci instansiya, apellasiya, kassasiya və əlavə kassasiya məhkəmələrinin səlahiyyətləri cinayət prosessual qanunvericiliyi ilə tənzimlənir. CPM-ə görə, əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Ali Məhkəməsinin Plenumunda baxılır.
CPM Ali Məhkəmənin Plenumunun səlahiyyətlərinin konkret dairəsini də müəyyən edib. 427-ci maddəyə əsasən, Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən, əlavə kassasiya qaydasında verilmiş təqdimat, protest və ya şikayətin isə təmin edilmədən saxlanılması, Məcəllənin 421.1.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yeni qərarın çıxarılması və Məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər.
Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə baxılması nəticələrinə dair qərar çıxararkən birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etmək və ya onları sübuta yetirilmiş hesab etmək hüququna malik deyil.
Ali Məhkəmənin Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərovun işlərinə Avropa Məhkəməsinin çıxardığı qərarlar əsasında, yeni açılmış hal üzrə baxıb. Bu halda isə Ali Məhkəmə öz fəaliyyətində CPM-in hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat müddəalarına tabe olmalıdır.
“Bəzən olur ki, ölkə daxilində bəraət veriləndə məhkəmə mənəvi kompensasiya təyin etmir ki, mülki mühakimə icraatı qaydasında iddia qaldırır. Daha sonra məhbus gedib Maliyyə Nazirliyinə qarşı iddia qaldırır və orda məbləğ təyin olunur. Burada isə məhkəmə kompensasiyanı birbaşa özü təyin etdi”,- vəkil Fariz Namazlı Ali Məhkəmənin Plenumun Məmmədov və Cəfərovla bağlı qərarını BBC-yə şərh edərkən deyib.
CPM-in 455-ci maddəsinə görə, Avropa Məhkəməsi tərəfindən Azərbaycan məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulduğunun müəyyən edilməsi Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslardan biridir.
CPM-nin 459-cu maddəsinə əsasən AİHM Azərbaycan məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanınpozulduğunun müəyyən edilməsi ilə bağlı qərar çıxardıqda Azərbaycan Ali Məhkəməsinin Plenumu yeni yaranmış hallar üzrə işə baxaraq aşağı məhkəmə insitasiyalarının qərarlarını tam yaxud qismən dəyişə və ya aşağı məhkəmə instasiyasının baxışına qaytara və yaxud yeni qərar qəbul edə bilər.
“Fakt Yoxla”nın yuxarıda qeyd edilənlərə əsasən gəldiyi nəticəyə görə, Ali Məhkəmənin Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərov barəsində mənəvi zərərin ödənilməsi barədə qərarı və mövcud məhkəmə praktikasında olandan dəfələrlə çox məbləğdə kompensasiya təyin etməsi Ali Məhkəmə praktikasında Cinayət Prosessual Məcəllənin tətbiqində mövcud olmayıb.
Faktyoxla.info