Azərbaycanın işğal altında olan ərazilərində İran və Ermənistan əməkdaşlığının Azərbaycan hökuməti tərəfindən dəstəklənməsinə qarşı Milli Şuranın etiraz Bəyanatı
Bu günlərdə geniş Azərbaycan ictimaiyyəti, vətəninin taleyinə biganə olmayan hər bir azərbaycanlı torpaqlarımızın Ermənistan Respublikası tərəfindən işğalına və bu işğalın 27 il ərzində davam etməsinə şərait yaradan avtoritar Əliyev rejiminin daha bir anti-milli və anti-konstitusion əməlinin ifşası nəticəsində dərin sarsıntı və məyusluq yaşamaqdadır.
Bəlli olmuşdur ki, ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş 23 fevral 2016-cı il tarixində Tehran şəhərində imzalanmış və 14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə “Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir.Mətbuatda yer alan körpülərin tikilməsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.”
Göründüyü kimi, bu Saziş çərçivəsində Azərbaycan Respublikası İran İslam Respublikası ilə Ermənistan Respublikası tərəfindən işğal edilmiş və hal-hazırda işğal faktının davam etməsi səbəbilə Azərbaycanın jurisdiksiyasına faktiki daxil olmayan ərazilərdə iki hidroqovşağın, su elektrik stansiyasının və hətta Sazişlə tikintisi nəzərdə tutulmayan beş körpünün inşası haqqında razılığa gəlib. Bu, beynəlxalqa hüquqda presedenti olmayan və Azərbaycanın ərazi bütövlüyünü və milli maraqlarını təhdid edən razılaşmadır. Belə ki, istənilən ikitərəfli dövlətlərarası müqavilənin tərəfləri həmin müqaviləni izmalamaqla öz üzərinə müqavilənin müddəalarından doğan öhdəliklər götürür və eyni zamanda yenə də həmin müqavilənin müddəaları ilə təsbit edilmiş hüquqlara sahiblənir. Hal-hazırda həmin su qovşaqlarının, SES-in və körpülərin yerləşdiyi Cəbrayıl rayonu işğalçı qüvvələrin nəzarətində olduğu üçün Azərbaycan həmin ərazilərdə bu Sazişin şərtlərindən irəli gələn hüquq və öhdəliklərini icra etmək imkanından məhrumdur. Azərbaycan Respublikası tərəfdar olduğu bütün beynəlxalq sənədləri, o cümlədən İnsan Hüquqları və Fundamental Azadlıqlar Haqqında Avropa Konvensiyasını və Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasını xüsusi qeyd-şərtlə imzalayaraq bəyan edib ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq sənədlərinin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək təminat vermək iqtidarında deyildir. İşğal olunmuş ərazilərdə Avropa Konvensiyasının müddəalarının tətbiqinə təminat verə bilməyən Azərbaycan tərəfi görəsən həmin ərazilərdə İran-Azərbaycan Sazişinin fəaliyyənin necə, hansı hüquqi və inzibati mexanizmlərlə tənzimləyəcək?!
Demokratik Qüvvələrin Milli Şurası birmənalı şəkildə bəyan edir ki, belə bir sazişin imzalanması Azərbaycanın milli və dövlət maraqlarına xəyanət kimi qiymətləndirilməlidir.
Belə ki, bu Sazişin reallaşması nəticəsində inşa edilən körpülər işğalçı rejimin İranla etibarlı və rahat kommunikasiya imkanlarının yaranmasına xidmət edir. Həmin körpülər üzərindən sanksiyalar altında olan İrandan Xankəndi separatçı rejiminə ucuz strateji məhsullar- yanacaq, ərzaq, digər zəruri tələbat malları daşınmaqla işğalçıların sosial-iqtisadi baxımdan işğal etdikləri ərazilərdə möhkəmlənməsinə şərait yaradılmış, İranla siyasi əlaqələr dərinləşdirilmişdir. Su qovşaqlarının və SES-in texniki imkanların Xankəndi rejiminin enerji təhlükəsizliyin təmin edilməsinə töhvə verməsi də istisna edilmir.
Bu rüsvayçı Sazişi imzalamaqla Azərbaycan hökuməti faktiki olaraq torpaqlarımızın 20 faizini işğal edən Ermənistan Respublikasının və onun Qarabağdakı marionet uzantısı olan separatçı rejimin siyasi, iqtisadi və sosial donoru, dəstəkçisi rolunda çıxış edib, onun ayaqda qalmasına və möhkəmlənməsinə əlverişli şərait yaradıb.
Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olan başqa bir fakt “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının yalnız Azərbaycan ərazilərində inşa edilməsilə bağlıdır. İranın və işğalçı rejimin enerji ehtiyaclarını təmin edən və ən azı işğal faktı bitənədək Azərbaycana heç bir əməli faydası olmayacaq bu layihənin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Respublikasının Cəbrayıl rayonunun üç kəndi su altında qalmış və xəritədən silinmişdir. Təkcə bu faktın Azərbaycan ictimaiyyətindən, xüsusilə də həmin kəndlərdən olan məcburi köçkünlərdən gizlədilməsi böyük mənəvi və siyasi cinayətdir.
İşğalçı erməni rejiminin strateji maraqlarına xidmət edən bu Sazişə Azərbaycan Respublikasının Milli Məclisində səsvermədə iştirak edən 99 deputatın yekdilliklə səs verməsi utancverici bir hadisə olmaqla yanaşı qanunverici orqanın milli, mənəvi və siyasi iflasına dəlalət edir.
Bu sazişin Azərbaycan cəmiyyətindən gizli bir şəkildə imzalanması öz siyasi opponentlərini, fərqli düşünənləri və sadəcə, övladlarının minimal ehtiyaclarını qarşılamaq məqsədilə dövlətdən uşaqpulu istəyənləri şərləyib həbs etdirən, totalitar sovet ənənəsinə uyğun olaraq ruhi xəstəxanaya saldıran, “Vətən xaini”, “satqın”, “5-ci kolon”, “düşmən” adlandıran Əliyev rejiminin öz xalqına və dövlətinə, Azərbaycanın strateji dövlət maraqlarına qarşı hansı xəyanət içində olmasının əyani sübutudur. İşğalçı qüvvələrlin Azərbaycan ərazilərində güclənməsinə və rahat bir şəkildə işğalı davam etdirməsinə şərait yaradan, milli maraqlara sarsıdıcı zərbə vuran YAP rejiminin bundan sonra Qarabağ mövzusunda danışmağa heç bir mənəvi haqqı qalmayıb.