Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mayın 8-i səhərdən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi barədə sensasion şayiələr təsdiqlənib.
DTX-nın məlumatında deyilir ki, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları öz vəzifələrindən sui-istifadə edərək çoxsaylı qanunsuz hərəkətlər törədiblər. Bununla əlaqədar DTX əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Qeyri-rəsmi mənbələrdən məlum olub ki(Turan), nazir müavini Rafiq Bayramov və bir sıra digər şəxslər saxlanılıb. Nazirliyin telefonları cavab vermir.
Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.
1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Prezident İlham Əliyevin 27 iyun 2018-ci il sərəncamı ilə Mədəniyyət nazirinin müavini təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qeyd edək ki, nazir Əbülfəz Qarayev ölkə hökumətində xoşagəlməz şəxsiyyətlərdən biridir. Mədəniyyət naziri postunu tutan şəxs Azərbaycan dilində normal danışa bilmir. Bu keçmiş komsomolçu “Şahdağ” qış kompleksinin tikintisini başa çatdırmaması ilə “məşhurlaşıb”.
Şayiələrə görə, ona vaxt verilib ki, kompleksdə otel tikintisini tamamlasın, ancaq o edə bilməyib. Əbülfəz Qarayevin ağlına gələn yeganə şey öz qohumunu “Şahdağ” kompleksinin rəhbəri təyin etmək olub.