Azərbaycanda ictimaiyyət rəsmi Bakı və onun tanımadığı Qarabağ separatçılarının rəhbərliyi arasında Araks (Araz) çayı üzərindən körpü tikintisi haqqında faktiki gizli sövdələşmə haqqında məlumatı təəccüb və qəzəblə qarşılayıb. Körpü İran və Cəlilabad rayonunda işğal edilmiş bölgənin sahillərini birləşdirib, belə ki, 1992-93-cü illərdə erməni ordusu Araks çayının sahillərinə çıxıb və orada möhkəmlənib. Beləliklə, 2016-cı ildə İranla bu körpünün tikintisi haqqında saziş imzalayan Azərbaycan rəhbərliyi Qarabağ separatçılarının Azərbaycanın qanuni ərazisində bu iqtisadi layihədə iştirak etməsinə icazə verib.
Bununla bağlı rəsmi məlumatda deyilir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Araz çayında “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsinə aydınlıq gətirib.
“Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanmışdır və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir.
Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”, deyə Xələfov bildirib.
Nazir müavini bildirib ki, mətbuatda işıqlandırılan körpülərin tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.
“İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapmışdır.
İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”, deyə Xələf Xələfov bildirib.
Nazir müavininin bəyanatı cavab verməkdən daha çox sual yaradır. Azərbaycanlı işçi və mühəndisin ayaq basa bilmədiyi ərazidə Azərbaycan İranla birgə tikintini necə həyata keçirir? İşğalçı Ermənistan ordusunun nəzarəti altında olan yerdə istismar sahəsində əməkdaşlıq nədən ibarətdir?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli FB-də bu barədə yazır:
“Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş əsasında tikilən 2 körpü və bəndlərlə bağlı sual doğuran xeyli məqamlar var. Sazişdən göründüyü kimi, məqsəd Araz çayı üzərində Xudafərin körpüsü yaxınlığında hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisidir. Sazişlə tanış olduqda ilk baxışda hər şey normaldır. Məsələn, istehsal olunan enerji üçüncü tərəfə verilə bilməz, yaxud Azərbaycan tərəfi öz payına düşən enerjini istədiyi qaydada transfer edə bilər. Amma sazişdə coğrafi koordinatlar, xüsusən də hidroqvşaqların yerləşəcəyi ərazilər barədə məlumat verilmir.
Sazişin mətnindən aydın olur ki, Şərqi Azərbaycan ostanlığında Araz boyu yaşayan ərazilər hidroqovşaqdan istifadə edəcək. Azərbaycan tərəfi həmçinin elektrik enerjisindən öz payına düşəni Naxçıvana da transfer edə bilər. İndi gəlirəm sual doğuran məqamlara.
Bu saziş de-yure qüvvəyə malikdir. Amma Azərbaycan de-fakto Arazın şimal hissəsinə nəzarət etmirsə, İran tərəfi tikinti üçün razılaşmanı Ermənistan və ya qondarma DQR ilə necə tənzimləyir? Məsələn, sazişdə üçüncü tərəfə aid fiziki və hüquqi şəxslərin istifadəsi qadağandır. Bu, necə tənzimlənəcək?
Sazişə əsasən xərclərin bir hissəsini Azərbaycan tərəfi ödəyəcək. Bəs nəzarət etmədiyimiz ərazidə tikinti prosesinin aparılması risklərdən sığortalanıbmı? Tutaq ki, sabah atəşkəs pozuldu və qarşı tərəf oranı hədəf aldı. Maliyyə vəsaiti havaya sovrulmayacaqmı?
Bu saziş barədə cəmiyyət niyə indi xəbər tutur? İmzalanma 2016-cı ildə olub, sonra qanun qəbul edilib və ölkə başçısı imzlayıb. Amma həm cəmiyyətin fəal kəsimi bundan xəbərsiz qalıb, həm də Milli Məclisdə bunu sorğulayan olmayıb”.
A.Məmmədli çayın həm İran, həm də Azərbaycan tərəfində kənd təsərrüfatı işləri üçün suvarma suyuna ehtiyacı olan əhalinin yaşadığı bölgədə su qovşağı tikintisini faydalı hesab edir. Amma bu prosesin dəqiq və aydın mexanizmləri olmalıdır, sazişdə isə bu mexanizmlər yoxdur. Xüsusən də söhbət de-fakto nəzarət etmədiyimiz ərazidən gedirsə.
Bu sazişin 3 il sonra ortaya çıxması göstərir ki, Azərbaycanda mərkəzi icra hakimiyyəti üzərində nə ictimai nəzarət, nə də parlamentin ona siyasi nəzarəti mövcuddur. A.Məmmədli işğalçının nəzarəti altında olan ərazi haqqında sazişin gizli bağlanmasını faciə adlandırır.
Politoloq Elxan Şahinoğlu İranın Azərbayanın tikintiyə razılığının olması barədə bəyanatına diqqət çəkərək, Bakının işğalçıların nəzarəti altında olan yerdə işlərin həyata keçirilməsinə niyə razılıq verdiyini soruşur.
Azərbaycanlılar müntəzəm olaraq İranla Qarabağ separatçıları arasında iqtisadi əlaqələr, Araz çayı üzərindəki körpü vasitəsilə Qarabağa İrandan yük daşınması ilə bağlı qəzəblərini dilə gətirirlər, rəsmi Bakı isə bununla bağlı etiraz bəyanatları verir. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi separatçıların fəaliyyət göstərdiyi ərazi haqqında gizli saziş imzalayır, körpü isə Bakıdakı hökumətin razılığı ilə tikilib.
X.Xələfov iddia edir ki, Araz çayı üzərində körpünün tikintisinə “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları çərçivəsində baxılmalıdır. Körpü və SES arasında hansı əlaqə var?
Gizli sazişi imzalayanlardan biri Azərbaycanın keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevdir. E.Şahinoğlu sabiq nazirin cəmiyyətə açıqlama verməsini tələb edir.
Əlavə edək ki, Heydər Əliyevin prezidentliyi dövründə Bakıya gələn İranın nümayəndə heyəti H.Əliyevə bu layihə ilə razılaşmaq təklifi ilə müraciət edib. Həmin vaxt qəzəblənən Azərbaycan prezidenti danışıqların aparıldığı zalı səssizcə tərk edib, İranlıları pərt susqunluğa qərq edib. İctimaiyyət baş verənləri televiziya reportajında izləyib.
Həmin layihə 2016-cı ildə prezident İ.Əliyev hökuməti tərəfindən, ictimaiyyətdən gizli imzalanıb.
Contact.az