Vasif Sadıqlı
Əlövsət Quliyev küçəsində bir obyektin şəkli çəkilib. Lövhədə “Amsterdam hostel” yazılıb. “Hostel” balaca otel deməkdir. Qırmızı hərflərlə isə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib.
Hostelin “Amsterdam” adlandırılması da təsadüfi deyil. Deyilənə görə, bu ənənə XVII əsrdə Amsterdamda yaranıb. İntim xidmət göstərən qadınlar əllərində içməli su və qırmızı fənər gəzdirər, bununla hər kəs üçün əlçatan olduqlarına işarə edərdilər. Çox yüksək maaş alan və uzun müddət dənizdə olan dənizçilər şəhərə qayıdanda artıq əlçatan tərəfdaş tapmaq üçün dağa-daşa düşməzdilər. Sonrakı dövrlərdə qırmızı fənərlər məlum xidmət obyektlərində qırmızı işığa çevrilir. Nəhayət, tərsanəyə yaxın olan ərazi qırmızı fənərlər rayonu kimi məşhurlaşır. O vaxtdan qırmızı fənərlər rayonu məlum mənada işlənir və mənası çox geniş auditoriya tərəfindən anlaşılır.
Konkret halda hansısa, yəqin ki, azərbaycanlı bir biznesmen (həmin küçənin sakinlərindən biri obyekt sahibinin kimliyini öyrənib bizə məlumat verəəcəyini deyib) öz vətənində belə bir biznesə başlayıb. Bakının göbəyində bir ərazi “qırmızı fənərlər məhəlləsi” elan edillb. Görəsən, bu ərazidə yaşayan sakinlər bu obyekt sahibinin onların yaşadığı ərazini pozğun qadınlar rayonu elan etdiyindən xəbərdardırmı?
Biz Qarabağ müharibəsində təkcə ön cəbhədə uduzmadıq. Biz Vətən torpaqları və xalqın izzət-nəfsi, namusu uğrunda şəhid olanlara xəyanət etdik. Onların namusunu qoruduğu, uğrunda canını verdiyi ana və bacılarına elə öz soydaşları müştəri dəvət edir. Bakının ortasında, Daxili İşlər Nazirliyinin beş addımlığında. Təkcə ordamı? Bakıda analoji xidmətlərin masaj salonu adı ilə göstərilməsi barədə KİV-də nə qədər desəniz, informasiya var.
Bir-iki ilə əvvəl AMEA əməkdaşlarından biri yazmışdı. Səhv etmirəmsə, Əkrəm Həsənov idi. Nizami küçəsində bir yerli sakin ilə söhbət edən ərəb turistin söhbətinə şahid olur. Turist adi bir şey əldə etmək istəyirmiş kimi, azərbaycanlıdan ona bir masajçı qadın tapmağa kömək etməsini xahiş edirmiş. Və əlavə edib ki, keçən ilki “masajçı”nın xidməti xoşuna gəlməyib…
Bəli, artıq turist cəlb etmək üçün viza rejimi yumşaldılan ölkələrdə Azərbaycan haqqında belə imic formalaşdırmışıq. İbn Xəldun yazırdı ki, məğlub xalqlar onlara qalib gələnləri təqlid edir. Biz düşmənə ön cəbhədə də, informasiya müharibəsində də, arxa cəbhədə də uduzduq. Bir zaman uğrunda can verdiyimiz dəyərləri pula sataraq onlardan fərqlənməməklə, düşmənimizə çevrilməklə… Artıq ən azı gözəl məişət əxlaqı ilə öyünməyə haqqı olan bir xalq gözümüzün önündə onu xalq edən, ona güc verən dəyərlərindən məhrum edilir.
L.Qumilyov yazırdı ki, etnos kataklizmlərdən salamat çıxanda passionar qızışma dövründəkindən daha böyük uğurlar qazanır. Biz imtahandan iki aldıq. Məkrli bir planın içindədyik. Laboratoriya siçanı kimi üzərimizdə təcrübə aparırlar…
P.S. Belə bir mövzuda yazmağıma çox üzülürəm. Bunu mən yazıram. Öz şagirdlərinin gözü qabağında yemək yeməyə utanan birisi… Amma yazılmalıdır.
İlkxeber.org