AXCP fəalı Nicat Abdullayev mayın 10-da Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən azadlığa buraxılıb. Novator.az bildirir ki, aprelin 10-u Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilən Nicat Abdullayevin cəza müddəti bu gün başa çatıb.
Martın üçüncü ongünlüyündən bəri daha 15 AXCP fəalı inzibati həbs cəzası alıb, 2 cəbhəçi isə cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikov karantin rejimini pozmaq ittihamı ilə 10 sutka, aprelin 8-i Bakıda tutulan AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli karantin rejimini pozmaq ittihamı ilə 30 sutka, aprelin 9-u Bakıda tutulan AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov karantin rejimini pozmaq ittihamı ilə 30 sutka, aprelin 17-si Abşeron rayonunda tutulan Vüqar Əbilov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 20 sutka, aprelin 25-i Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 15 sutka həbsdə yatıb.
Aprelin 13-ü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 18-i Bakıda İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilib.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova 20 sutka, Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib. Əvəz Əhmədov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilinib.
Mayın 2-si Salyanda Sərdar Qubadsoya 25 sutka inzibatı həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.
Mayın 9-u Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyevə Bakıda 30 sutka inzibati həbs cəzaları verilib. Onlar karantin rejimini pozmaqda təqsirli biliniblər.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.