Rafiq Manaflı
Pandemiyanın ilk günlərində İranla sərhədlərin bağlanmamasını rejimin baş strateqi Zahid Oruc “Onda mən də deyərəm ki” geopolitik formulu ilə izah edəndə rejimin xalqa, dövlətə münasibətini ortaya qoymuşdu.
Cəbrayıl körpüləri xəyanətlər silsiləsinin sadəcə bir qoludur. Ordumuzun silahlandırılması prosesində minoboron “otkat”ları, ordunun köhnə, sabah döyüşlər bərpa olunanda əskərimizi hədəfə çevirməkdən başqa heç nəyə yaramayacaq texnika ilə təhciz etmək, 2016 il aprel döyüşlərində əlində olan üstünlükləri nümayiş etdirib də ordunu geri çəkmək xəyanət deyilmi? Tərtərdə xəyanət edənləri bir yana qoyub vətənpərvər zabitlərə “vətənə xəyanət” adı ilə qan uddurmaq, işkəncələrlə öldürəndən sonra “pardon, səhv oldu” demək o körpülərdən kiçikmi xəyanətdir? Tofiq Yaqublunu, Saleh Rüstəmlini, Babək Həsənlini və onlarla başqa qazilərimizi erməniyə güllə atdığına görə həbslərdə çürüdərək milli-mənəvi ruhu məhv etmək o xəyanətlərin bir həlqəsi deyilmi?
Dövlət adından danışan hər bir məmur ərazi bütövlüyümüzün İran tərəfindən qəbul edilməsini qabardırlar. Ərazi bütövlüyü diplomatik sənədlərdə tanınmalıdır və tanınıb da. Bu müqavilədə isə ərazi bütövlüyü məsələsinin dəxli oldu-olmadı bir neçə dəfə vurğulanması, ya sonradan bu xəyanəti əsaslandırmaq üçün qarşılıqlı razılaşmanın nəticəsidir, ya da İran tərəfi uşaq əlinə konfet verib aldatdıqları kimi aldadıblar bunları. BMT, ATƏT kimi beynəlxalq qurumların bütün sənədlərində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilibsə İran bunu qəbul etdi-etmədi, nə dəyişəcək. İran Xəzərin bölünməsin indiyə kimi qəbul etmir, nə dəyişib? Və İran ərazi bütövlüyümüzü qəbul edib nə edib ki? O körpülərdən keçərək işğal altında olan şosselərdə şütüyən TIR-lar göydən tökülməyiblər ki. Bəlkə İran Azərbaycan dövlətini, hakimiyyətini adam sayıb o TIR-ların bircəciyi üçün icazə alıb?
Özündən razı küt sifəti ilə əlaməlik edən vitse spiker Əli Hüseynov bu məsələni işıqlandıran bəzi ekspertlərin siyasi və hüquqi savadlarını şübhə altına alıb. Düşmən üçün yol çəkməyin xəyanət olduğunu anlamağa böyük savadmı lazımdır Əli Hüseynov?
Biz Qarabağda partizan hərəkatı yarada bilməməyimizdən danışırdıq. Nə üçün lazım idi partizanlar – düşmənin kommunikasiya və rabitə xəttlərinə zərbə endirmək üçün. Amma demə partizan dəstələri yaradılıbmış. Düşmənə xidmət etmək, onun üçün körpülər salmaq üçün.
İşğal altında olan ərazilərdə SES-lər tikməyə, körpülər salmağa razılıq vermək, onun maliyyələşdirilməsində və tikintisində iştirak etmək və bununla da düşməni blokadadan çıxarmaq, onu enerji asılılığından xilas etmək xəyanətdir. Bu xəyanətin müəllifi bütöv bir hakimiyyətdir. Və bu xəyanətə don geyindirməyə çalışan hər bir kəs xəyanətkardır.