ADR sədri Qubad Ibadoğlu
Son günlər ölkənin başlıca problemlərini (Qarabağ, işsizlik, yoxsulluq və s.) diqqətdən yayındırmaq və bir sıra ictimai-siyasi xadimləri nüfuzdan salmaq üçün Milli Şuranın iclasları mətbuatda və sosial şəbəkədə geniş müzakirə predmetinə çevrilib. Odur ki, bununla əlaqədar aşağıdakıları qeyd etmək istərdim.
1) Azərbaycanın milli qanunvericiliyi və ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası xüsusilə də cəmiyyətdə tanınan şəxslərin razılığı olmadan səsli və ya görüntülü çıxışlarının yayılmasını qadağan edir.
2) Qanun cəmiyyətin məlumat hüququ ilə başqalarının şəxsi həyatlarına hörmət hüququ arasında sərhədi şəxsi məlumatların müdafiəsi üzərində qoruyur.
3) Hakimiyyət ictimai-siyasi xadimləri şəxsi həyatlarına hər hansı bir müdaxilədən qorumaq üçün məsuliyyət daşıyır.
Odur ki, Milli Şura iclaslarının kimlər tərəfindən və necə ictimailəşməsindən asılı olmayaraq, bunun hüquqi və siyasi məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində düşür. Çünki, Azərbaycanın da imzaladığı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi dövlətin üzərinə şəxsi həyata edilmiş müdaxiləni araşdırmaq və şəxsi həyatı bu müdaxilələrdən qorumaq öhdəliyi qoyur. Bu öhdəlik şəxsi həyatı qorumağa yönəlmiş qanunlar qəbul etmək, fərdlər arasında münasibətlərin sferasını müəyyənləşdirmək və şəxsin şəxsiyyətinin digərlərinin sui-istifadəsindən mühafizə etməyi əhatə edir.
Beləliklə də Milli Şuraının iclaslarının ordakı iştirakçılarının razılığı olmadan səsli və ya görüntülü yayımlanması qanun pozuntusudur, onu araşdırmaq və kiber cinayəti törədənləri tapıb cəzalandırmaq da hakimiyyətin qanun qarşısında vəzifəsidir. Əgər bu edilməyəcəksə, onda belə hallardan başqa siyasi-ictimai təşkilatlar da sığortalanmayacaq. Milli Şuraya təklif edirəm ki, bu məsələni məhkəmə müstəvisində mübahisələndirsin və şikayətlərini Avropa Məhkəməsinə aparsınlar. Bundan əvvəl isə onlara xidmət göstərən Zoom təşkilatından məhkəmə üçün zəruri olan məlumatları sorğu vasitəsilə əldə etsinlər.