Yaxud, balta götürməyə tələsməyin
İlham Hüseyn
İllərdi rejimin repressiya, korrupsiya, hüquqsuzluq görünütülərinə baxıb, dilin udan adamlar indi Milli Şurayla bağlı görüntülərə baxıb, dil açıblar.
Hansı ki, vicdanlı, ədalətli adam rejimin bu əməlin pisləməli, qapalı iclasa dövlət səviyyəsində müdaxiləyə etiraz etməliydi.
Əslində, məlum görüntülərdə Milli Şuranı bitirəcək, mübarizə insanlarına hücuma əsas verəcək heç nə yoxdur.
Eyni zamanda Milli Şura ilk yayılan görüntüylə bağlı öz mövqeyini ifadə etdi. AXCP sədri Əli Kərimli isə Əvəz Zeynallıyla müsahibədə fürsət tapıb, başverənlərə aydın münasibət bildirdi.
Ey “kreativ”, “intellektual”, “ədalət mələyi”, “hüquq carçısı” olan adamlar, niyə belə canfəşanlıq edirsiz? Guya, bilmirsiz ki, hökumət bu görüntüləri niyə yayır? Bilmirsiz ki, məqsəd nədir? Niyə, mübarizənin önündə olan adamlara qarşı hökumətin iyrənc ssenarisində yer alırsız?
Vallah, Milli Şura, AXCP sıradan çıxsa, sizə şirinquş da verən olmayacaq. Ön cəbhədə fədakar insanlar olduğuna görə sizin kimi yarımçıq adamlara hökumət qiymət biçir. Real müxalifət sıradan çıxsa, sizi nə dialoqa dəvət edərlər, nə qrantlarınıza göz yumarlar, nə də biznesinizə imkan yaradarlar.
Əslində, məlum görüntülər rejimin iflası oldu. İllərdi Milli Şuranın, AXCP-nin xaricdən maliyyələşdiyini, dövlət əleyhinə fəaliyyət göstərdiyini təbliğ edirdilər. Amma uzun müddətli kiberoğurluqdan sonra ortaya çıxara bildikləri budur. Milli Şuranın hansısa mürtəce planda yer alması, hansısa söyüş kampaniyasına dəstək verməsi, hansısa maliyyə əməliyyatından bəhrələnməsi üzə çıxmadı. Bəs, hökumətin gecə-gündüz “erməni dəyirmanına su tökənlər” dediyi qüvvənin dəyirmanı niyə milli çıxdı? Niyə bu qədər “qazıntı”dan sonra Milli Şudanın altından “xəyanət sandığı” çıxmadı?
Müxalifətin əlində hakimiyyətin milyardlıq oğurluqları, saxtakarlıqları, hüquqsuzluqları, işgəncə faktları var. Hakimiyyətin əlində isə müxalifətə qarşı “Zoom” müşavirəsindəki heç bir hüquqi məsuliyyəti olmayan 1-2 cümləlik söhbət.
Bu görüntülərdən sağlam nəticələr çıxarmağa çalışın. Bu görüntülər real müxalifətin ünvanını və bu adamlara qarşı hakimiyyətin “kompramat”ının nədən ibarət olduğunu bir daha üzə çıxardı.
Ona görə də qırxsifətli hay-küyçülər çox da sevinməsinlər. Biz yıxılmamışıq, əlinizə balta götürməyə tələsməyin. İnanın ki, o baltanı öz ayağınıza vurursuz.
“Zum” müşavirəsindən “Bum” partlayışı yaratmaq lazım deyil, bu cinayəti edənləri qum kim xırdalamaq lazımdı.