Seymur Həzi
AXCP sədrinin müavini
Maraqlı vəziyyətdir. ABŞ-ın Helsinki Kommissyası bəyanatla çıxış edib, Əli Kərimliyə və AXCP-yə qarşı repressiyaları pislərkən hökumət Milli Şuranın online müşavirəsindən gizli çəkilmiş videonun bir hissəsini ortaya atdı. Bütün diqqəti beynəlxalq aləmin ən ciddi hüquq müdafiə orqanının AXCP-yə verdiyi dəstəkdən yayındırmaq istədi. Videoda səslənən fikirlərin yolverilməzliyi elə Milli Şura rəhbərliyinin müvafiq qərarı ilə də öz əksini tapdı. Amma gizlin yolla əldə edilmiş materaldan istifadə etmək müxalifətə qarşı pusquda duran çox adamı ifşa etdi. Məsələn, özünə siyasətçi və tərəfsiz jurnalist deyən çox adam cinayət yolu ilə əldə olunmuş bu materaldan bəhbəhlə müxalifəti vurmağa girişdi. Halbuki, bunu qanun da, siyasi əxlaq da, jurnalist peşə etikası da qadağan edir. Bu yürüşün başında isə eyni cinayətkarlıqdan əziyyət çəkənlərin olması tamam başqa üzücü mənzərə idi. Amma bu çox çəkmədi, hökumət ikinci daha ciddi zərbəni aldı. AŞPA-nın həmməruzəçiləri bəyanat yayaraq Əli Kərimlini de-fakto ev dustağı adlandırdılar. Avstriyalı Stefan Şennak və Britaniyalı Rocer Qeyl bəyanatlarında AXCP üzvü Aqil Hümbətovun tənqidi fikrilərinə görə məcburi pisixoloji müalicəyə aparılmasını da qeyd etməklə ölkədəki vəziyyətin tam təsvirini verdilər. Amma daha maraqlısı bu olmadı. Onun ertəsi günü müxalifətə daha bir dəstək yenə Stefan Şennakdan gəldi. O, “Amerikanın səsi”nə verdiyi müsahibədə hakimiyyətin və onun peyklərinin arqumentlərini darmadağın etdi. Beləliklə, biz cənab Şennakın fikirlərini iqtidarın və iqtidaryönlülərin tezislərinə antitezis kimi təqdim edirik.
İlham Əliyev deyir ki, ölkədə sağlam dialoq mühiti var. Amma dialoqa qoşulmayanları da düşmən və 5-ci kolon elan edib, təcrid edəcəyini deyir. Təcrid davam edir. İlham Əliyevlə dialoqda olan, hakimiyyətin zor siyasətinə haqq qazandıran siyasətçi isə deyir ki, dialoqa gəlməsəniz, bu dəfə liderləriniz həbs olunacaq. Günah da sizdə olacaq.
Şennakın cavabı: “Bu vəziyyət bizi çox narahat edir. Dünən AŞPA bəyanat yaydı. Hazırda müxalifətə qarşı təzyiq çirkindir. Əli Kərimli və digərlərinə olunan təzyiqlər qəbuledilməzdir. Bundan əlavə COVID-19 pandemiyası səbəbilə də bir neçə insan həbs olunub. Pandemiyadan istifadə edərək insanları həbsə atmaq olmaz. Ölkə bu cür idarə olunmamalıdır.” Baxın, vəziyyətdən məmnun olanlara və bizi də bu tabloya çağıranlara bir cümləlik cavab: ölkə bu cür idarə olunmamalıdır.
İlham Əliyev seçkidə iştirak etməyənləri düşmən adlandırdı. Onun satelliti olan təşkilatın sədri isə deyirdi ki, müxalifət qaçıb gizləndi, seçkiyə getmədi. Hökumət öz peykləri vasitəsiylə müxalifəti seçkiyə çəkmək üçün uzun “əziyyət” çəkdi. Amma müxalifət vəziyyəti dəqiq qiymətləndirərək iştirak etməmək qərarı verdi. Bəs hakimiyyət nə üçün belə qəzəblidir sualına Şennakın cavabı: “Çox yaxşı sualdır və mən bu suala cavab verə bilməyi çox istərdim. Amma mən seçkidən sonra bu cür reaksiyanın səbəbini bilmirəm. Bəlkə bizim hesabatımız çox sərt idi, ya da müxalifət çox uğurlu idi. Bilmirəm. Başqa nə ola bilər ki? Son iki ayda hər həftə Azərbaycandan gələn xəbərlər yaxşı deyil”. Hesabat əlbəttə, sərt idi. Vəziyyətə uyğun idi. Seçkidə iştirak etməyən müxalifətin uğuru nə ola bilərdi? Sözsüz ki, bu tamaşada iştirak etməmək qərarı. Bununla da cənab Şennak sərt hesabatı və boykotun uğurunu üst-üstə qoyur və biz iki yarım əsası toplayaraq tam əminliklə deyirik ki, beynəlxalq birlik 9 fevral seçkisini seçki saymayıb. Bu tezisini cənab Şennak növbəti suallarda daha açıq irəli sürəcək.
Azərbaycan hökumətinə mesajında Şennak nifrət çııxışlarını dayandırmağa çağırır: “QHT-lərə və siyasi partiyalara qarşı təzyiqləri dayandırın. Nifrət çıxışlarına son qoyun. Mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını təmin edin. Azərbaycan xalqının buna ehtiyacı var.” Bunun bir ehtiyac olduğunu illərdir, aylardır biz demirikmi? Xüsusilə son üç ayda bizdən çox bu tezisi kimsə təkrarlamır. İndi nifrət çıxışları zamanı deyil. Və Şennak sanki yeni parlament seçkisi ilə yol xəritəsi təklif edir. Deyir: “Bu arada Azərbaycan höküməti təhlükədə deyil. Əgər onlar həqiqətən də azad və ədalətli seçki keçirsələr, onların partiyası səslərin 50 faizindən çoxunu qazanar. Burda problem nədədir? Avropadakı hər bir ölkə, hər bir hökümət 50 faizdən çox səs toplasa çox sevinər.” Bu hakimiyyətə yumuşaq keçidin yol xəritəsidir. Və yuxarıda dediyim kimi, 9 fevral olayının mahiyyətinin qaranlıqlığına diqqət çəkir: “Amma onların nədən qorxduqlarını heç kim bilmir. Ölkədə heç kəs onların nə üçün fevralda növbədənkənar seçki keçirdiklərini bilmir. Bəlkə də onlar parlamentdəki insanları dəyişmək istəyirdilər. Problem Milli Məclisin özündə deyil, çünkü parlament prezidentin və hökümətin istədiklərini edir. Bəlkə də, onlar sadəcə bəzi insanları dəyişmək istəyirdilər.” Budur, əgər məqsədi bəlli olmayan bir ssenaridə rol alıb oradan hansısa müsbət tendensiya yaradacağını düşünənlər olubsa, nə yazıq ki, müsbət heç nəyin olmadığını tək biz yox, dünya deyir. O dünya ki, hakimiyyətyönlü bəziləri onu daha çox mötəbər mənbə elan etmişdilər. Həm seçkidən əvvəl, həm də son repressiya olaylarında. Hər iki halda da dediklərinin arxasından hakimiyyətin arxasına keçdilər.
İlham Əliyev deyir ki, tariximizdə ilk dəfə (bu belə deyil, Mütəllibov və Elçibəy hökumətində parlamentdə real müxalifət vəzifələr tutub) Azərbaycan parlamentində müxalifət vəzifələr tutub. Ədalət Vəliyevlə dialoq nəticəsində AŞPA nümayəndə heyətinə düşmək üçün ən mürtəce qanunlara səs verən “müxalifət” isə görün o qurumda necə tanınır: “Mən Azərbaycandakı QHT-lərdən məktub alıram və onlar Azərbaycanın yeni nümayəndə heyətinin təsdiq olunub-olunmadığını soruşurlar. Bəli, təsdiq olunub. Amma heç bir iclas olmayıb, çünki sentyabra qədər plenar iclas olmayacaq. Onlar bütün tələbləri qarşılayıblar, çünki nümayəndə heyətində fərqli siyasi partiyalardan həm kişlər, həm qadınlar var. Amma həmin digər partiyaların nə olduğunu bilirik. Onlar elə hamısı eyni partiyaya aiddir. Məni həm də hər zaman müstəqil namizədlər güldürür. Müstəqil namizədlər həmişə hakim partiya kimi səs verirlər.”
Bəli, bir yerdə ki, sizin səsinizi YAP-ın səsi kimi sayacaqlar və sizə güləcəklər, orada olmaqla əldə etdiyniz mötəbərlik kimin yanında keçir? Bu cavabdan sonra da bir çoxları danosbazlıqlarına davam edəcəklərsə, bu sadəcə bataqlıqda batanın daha çox çabalaması effektini verər.