Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra hakimiyyəti başçısı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmov özündə koronavirusun ilkin əlamətlərinin olduğunu bildirib.
Bu barədə Saleh Rüstəmovun qardaşı Tale Rüstəmov bildirib.
“Bu gün Saleh zəng etmişdi. Dedi ki, bədənində səpkilər əmələ gəlib. Həkimlər bildirir ki, bu koronavirusa yoluxmanın ilkin əlamətləridir. Müəssisədə qızdırmalı xəstə çoxdur. Artıq iki həftədəir cəzaçəkmə müəssisəsindəki məhbusları test etmirlər. İki həftə əvvəl gəlib infeksiyaya yoluxmuş xəstələri aparıblar. İndi həmin xəstələrlə əlaqədə olanları yoxlamırlar. Bununla yanaşı, cəzaçəkmə müəsisəsinə dərman, ərzaq, sabun və paltar qəbul edilmir. Məhbuslar qış paltarlarında qalıb. Paltarlarını dəyişə bilmir. Ərzaq məsələsində çətinlik çəkirlər. Cəzaçəkmə müəssisəsində ərzaq və siqaret çox baha qiymətə satılır,” o Saleh Rüstəmova istinadən bildirib.
Tale Rüstəmovla telefon danışığında Saleh Rüstəmov bildirib ki, koronavirusa yoluxma həyəcanı məhbusları emosionallaşdırıb.
“Məhbuslar hirslidir. Kim müalicə tələb edir, cərimə təcridxanasına salırlar. Emosinallaşmış məhbuslar demək olar ki, hər gün bir-biri ilə mübahisə edir,” o qeyd edib.
Mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisəlrədə, o cümlədən 13 saylı koloniyada 33 nəfərin yoluxduğunu bildirib.
Mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda həbsxanalarda 46 məhbusun koronavirusa yoluxduğunu deyib.
Bayramlının fikrincə, cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunanlardır.
“Həmin məhkumlar əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı olanlardır. Xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edir. Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları yoluxdurub. Artıq proses məhdudlaşdırılıb,” o qeyd edib.
Həbsxanada olan məhbusların ailələri isə yalnız 13 saylı Cəzaçəkmə Müəssisəsindən 96 nəfər infeksiayaya yoluxduğu ehtimal edilən məhbusun aparıldığını bildirib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahlı bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.
Amerikanın Səsi