Bizə daş atanlara
Fuad Qəhrəmanlı
AXCP RH üzvü
Heç kim inkar edə bilməz ki, bu gün mövcud rejimə qarşı siyasi-mənəvi mübarizənin ön cəbhəsi məhz Milli Şura və Xalq Cəbhəsi Partiyasıdır. Bu reallıq sadəcə, bu iki təşkilatı təmsil edən siyasətçilərin hakimiyyəti tənqid ritorikasında görünmür. Bu həm də hər iki qurumun rəhbərlərinin cəmiyyətdəki nüfuzunda, ictimai rəyə təsir imkanlarında və Xalq Cəbhəsinin ölkə boyu yayılmış təşkilati gücündə, sosial şəbəkələrdə müxalif tendensiyanı müəyyənləşdirən kəmiyyət üstünlüyündə özünü göstərir. Gəlin baxaq, ölkəni Şimali Koreyaya, Türkmənistana çevirmək istəyən hazırkı hakimiyyətin qarşısında belə bur müqavimət potensialının olması ölkəmizin gələcəyini demokratik görmək istəyən hər kəsin marağına uyğundur, ya yox?
Son günlər hakimiyyətin kibercinayətini bir fürsət bilib üstümüzə gələnlərin, bizə daş atanların nail olmaq istədiyi nədir? Bir anlığıa təsəvvür edin ki, artıq Milli Şuradan ayrılmış iki nəfərin uğursuz, yanlış ifadəsinə görə sizlər Xalq Cəbhəsini, Milli Şuranı cəmiyyətdə nüfuzdan salıb bitirdiniz. Sonra?
O zaman bugünkü avtoritar rejimin get- gedə artan zorakılığı qarşısında sizlər ortaya hansısa müqavimət gücünü, müdafiə mexanizmini qoya biləcəksinizmi? Yox. Çünki, dostlar, çoxunuz heç bir ictimai məsuliyyət hissi olmayan, yalnız özünü təmsil edən, rejimə qarşı müxalifətçiliklə məşğul olmayan, hakimjyyətin cinayətlərini görüb bir qayda olaraq susan, demokratik dəyərlər üçün şəxsi rahatlığını risqə atmayan, təşkilatlanmış və sistemli şəkildə siyasi mübarizə ilə məşğul olan deyilsiniz. O halda, bizə qarşı bu qədər kinli olmağınızın, bizi sıradan çıxarmaq istəmənizin məntiqli bir izahı varmı? Mən bu konteksdə o şəxslərə müraciət edirəm ki, onların əlinə bizə atmaq üçün daşı İlham Əliyev hakimiyyəti verməyib. Hakimiyyətin bu qədər sərt represiyalarına, təzyiqlərinə qarşı mübarizədən geri çəkilməyən, sabah ilk imkanda xalqı meydanlara yığa biləcək bir siyasi qüvvənin məhv olması və ya zəifləməsi sizlərə nə verəcək? Liberal dəyərlər, insan azadlıqları , azlıqların hüquqları indikindən dahamı yaxşı təmin olunacaq, yoxsa qarşısında müqavimət görməyən avtoritarizm bir qədər də güclənəcək, siyasi alternativi olmayan cəmiyyət daha da məyuslaşacaq?
Əlinizi vicdanınızın üstünə qoyub bu suala cavab verə bilərsinizmi?
Sizcə İlham Əliyev hakimiyyəti nədən Milli Şuranı, Xalq Cəbhəsini bu qədər sərt repressiyalara, təzyiqlərə məruz qoyur? Heçmi fərqində deyilsiniz ki, sizlər bu məsuliyyətsiz davranışınızla kimə yardım edirsiniz?
Tamam, bizlərdən xoşunuz gəlməyə bilər. Ancaq bizə münasinətinizə görə deyil, prinsiplərə görə davranın. Əgər biz AXCP, Milli Şura olaraq, bu ölkədə azad seçki uğrunda mübarizə aparırıqsa, avtoritar rejimin dəyişməsi üçün xalqı səfərbər etməklə məşğuluqsa, demokratik azadlıqların, liberal dəyərlərin gerçəkləşməsi naminə bu qədər sərt repressiya və təzyiqlərə sinə gəririksə, o zaman bizim qalib gəlməyimiz sizlərə, sizin dəyərlərinizə daha çox fayda verməzmi? Bizim qurmaq istədiyimiz demokratik rejimdə hüquq və azadlıqlar üçün daha rahat mübarizə aparmaq imkanının olması, hakimiyyətin seçki yolu ilə formalaşması, dinindən, ciinsindən, sosial mənsubiyyətindən aslı olmayaraq, heç bir şəxsin diskriminasiyaya məruz qalmaması, qanunlar qarşısında bərabərlik, azad vətəndaş cəmiyyəti və medianın olması, heç bir təhlükə doğurmayan tənqid azadlığı hamımızın istəyi deyilmi? O halda niyə kömək etmək yerinə, mane olursunuz ki? Biraz səbatlı olun, şəxsi, subyektiv münadibətinizi kənara qoyun, bu rejimdən xalqın canını qurtaraq, sonra hər kəs öz ideologiyası, fərqli dəyərləri uğrunda mübarizəsini yenə də aparsın. Ağıllı yanaşma, doğru olan bu deyilmi?