Araz Gündüz
Alçaqlıq, rəzillik gördüyün birisinə olan qəzəbin kükrədiyi anda, ürəyin yanğısını söndürmək üçün deyilən bir söz var: Ə-ə-ə, sən niyə ölmürsən? Xalqın başına oyun açan, zülmü ərşə dirənən zalım hakimlərə də təxminən buna bənzər “arzular” ünvanlanır: Ölsəydin, canımız dincələrdi…
Qərb dünyasının ilk filosofu sayılan Falesin təxminən 2600 il öncə dediyi belə bir sözü var: Dünyada ən əcaib hadisə diktatorun öz əcəli ilə ölməsidir.
Tarixdə, törətdiyi qanlı əməllərin hesabını öz əzablı ölümü ilə verən diktatorlar az olmayıb. Ancaq yüzilliklər keçdikcə, insanlığın ümumi intellektual-mənəvi səviyyəsi yüksəldikcə, diktaorların da xarakterində dəyişikliklər baş verib və onların bir çoxu xalqın qəzəbindən və qisasından çəkinərək “xoşluqla” diktatorluqdan əl çəkiblər. İspaniyada frankoçuların, Braziliya, Peru, Çili, Yunanıstanda hərbi xuntaların və başqa bu kimi çoxsaylı diktaturaların, qəsb etdiyi hakimiyyəti “könüllü olaraq xalqa qaytarması” hadisələri olub. Ancaq Səddamın, Qəddafinin və başqa bu kimi Şərq müstəbidlərinin sonadək dirənməsi və “gəbərdilməsi” kimi faktlar da az deyil.
Azərbaycanda qərarlaşmış indiki siyasi rejimi tam mənasında diktaura adlandırmaq doğru deyil. Doğrudur, Sokratın təsbitində deyildiyi kimi, diktaturanın demokratiyadan başlıca fərqlərindən biri xalqın həyatını tənzim edən qanunların və qərarların ümumxalq rəyinə əsasən deyil, bir qrup adamın iradəsinə uyğun olaraq tərtib edilməsi və zorakı üsullarla gerçəkləşdirilməsidir və bu baxımdan indiki əliyevçi rejimin “qanunları zorlaması”, onu öz istəyinə uyğunlaşdırılması və ən başlıcası, bütün bunları xalqın ziyanına etməsi, onun diktatura elementləri ilə uğraşdığından xəbər verir.
Son yüz ildə meydana çıxmış ən müxtəlif diktatura formaları (faşist və kommunist diktaturaları istisna olmaqla), ən çox sağçı yönümlü olmuş və əsasən millətçilik düşüncəsinə əsaslanmışdır. Yəni, bu diktaturaların qurucuları çox hallarda səmimi olaraq milli maraqlar naminə hərəkət etdiklərini hesab etmişlər və bir sıra hallarda elə milli maraqlar naminə də könüllü olaraq diktatura rejiminin demokratik idarəçiliklə əvəz olunmasına razılıq vermişlər. Tutalım, Yunanıstanda, Braziliyada və digər Latın Amerikası ölkələrində hərbçilər ölkəni iqtisadi böhrana gətirib çıxardıqlarını anlayınca, demokratik seçkilərə yol açmış və hakimiyyəti xoşluqla xalqa təhvil vermişlər. Qardaş Türkiyədə Kənan Evrenin başçılıq etdiyi diktatura ölkədə tüğyan edən terrorun kökünü kəsib milli dövlətin taleyinin təhlükədən qurtulduğunu duyunca demokratiyanın yolunu açaraq hakimiyyətdən çəkilmişdir. Yaxud Çilidə Pinoçet rejimi ölkəni “təhvil aldığı” dövrə nisbətən qat-qat artıq iqtisadi yüksəlişə çatdırandan sonra demokratik üsul-idarəyə keçid qərarı vermişdir. Ümumiyyətlə isə, bütün bu halların hamısında, liberal-demokratik idarəetmə və azad bazar qaydalarına əsaslanan iqtisadiyyatın, cəmiyyətin sağlamlaşdırılması və tərəqqi yoluna çıxması üçün yeganə vasitə olduğunun dərk edilməsi bu addımların atılmasında həlledici rol oynamışdır.
Azərbaycanda qərarlaşmış mürtəce rejimin mahiyyətini dəqiq ifadə edən adı, məncə, görkəmli aydınımız Cemil Hasanli bəy qoyub. Görünür, Cəmil bəyin tarixçi olması da bu işdə önəmli rol oynamışdır. Bəli, Cəmil bəyin dediyi kimi, bugün Azərbaycanı kleptokratik rejim idarə edir. Bəs, kleptokratiya nə deməkdir? Siyasi lüğətdə bu cür rejimlər üçün verilən qısa xarasteristika belədir: “Kleptokratiya (qədim yunan dilində κλέπτειν – “oğurlamaq” və κράτος “ağalıq, hakimiyyət” sözlərindən yaranmışdır) – fırıldaqçıların rəhbərlik etdiyi hakimiyyət olub hakimiyyətin verdiyi səlahiyyətlərdən istifadə etməklə dövlət vəsaitlərini oğurlayaraq şəxsi sərvətlərini və siyasi təsirlərini artırmaqla məşğul olur, bəzən bütün bunları xalqa xidmət imitasiyası ilə pərdələyir, bir sıra hallarda isə buna ehtiyac da duymur. Kleptokratiya üçün korrupsiyanın vertikal inteqrasiyası xarakterikdir”. Tanıdınızmı? Bu odurmu, yəni bizim əsarəti altında olduğumuz əliyevçi rejimin özüdürmü? Məncə, çoxunuzun bu sualllara cavabı müsbətdir.
Yuxarıda qeyd etdiyimiz kimi, əgər bir sıra diktaturaların təkümül prosesi keçməklə və ya xalqın iradəsi qarşısında geri çəkilməklə dəyişilməsi mümkündürsə, aydındır ki, kleptokratik rejimlərin belə bir “yaxşılaşma potensialı” yoxdur. Çünki, onlar oğurluq və talanlarının miqyasını, bunu gerçəkləşdirmək üçün törətdikləri qanlı cinayətlərin böyüklüyünü yaxşı anlayır, istər tarix, istərsə də hüquq qarşısında heç bir bəraət şanslarının olmadığını çox yaxşı bilirlər.
Elə məhz buna görə də, gözəl yurdumuzu çapıb-talayan bu oğru-quldur rejimindən qurtulmağın yeganə yolu xalqa öz düşmənini tanıtmaqla onu səfərbər etməkdən, onun iradəsi ilə rejimi, dinc yolla, hakimiyyəti xalqın iradəsinə verməyə məcbur etməkdən keçir.
Siz heç “xalq çörəyi qulağına yemir” Atalar sözü üzərində düşündünüzmü? Atalar bununla nə demək istəmişlər? Qısaca desək, mövcud alçaq rejimin “rifah”, yalançı xalq qəhrəmanlarının “xilas” nağılları müəyyən müddət üçün qulaqlara xoş gələ bilər, ancaq zaman keçdikcə bu nağılların ən adi rifah halımıza heç bir yenilik gətirmədiyi, əksinə, onun minumum həddən də aşağı səviyyəyə düşdüyü hamıya aydın olacaqdır və düşünürəm ki, biz artıq həmən o ağı qaradan seçə bildiyimiz günlərə gəlib çatmışıq.
Hansı böyük sərkərdənin dediyini unutmuşam, ancaq yaxşı deyib: düşmən cəbhəsində nə baş verdiyini bilmək üçün qalan ömrümün yarısını qurban verərdim. Bizim düşmənimiz uzaqda deyil, biz xalq olaraq öz naşılığımız ucbatından onu ocağımızın başında oturtmuşuq. Düşmən bəllidirsə və onun bizim üçün nə hazırladığı da gün kimi aydındırsa, bizə səfərbər olub sıx sıralarla ocağımızın başında oturmuş bu düşmənin üzərinə yeriməkdən və onu tariximizin səhnəsindən qovub çıxarmaqdan başqa bir yolmu qalır?!