Milli Şuranın sədri Cəmil Həsənli
YAP özünü rəsmi qayda da buraxmalı və cəmiyyətdən üzr istəməlidir! Belə bir çağırışla cəmiyyətə, elə YAP-a da müraciət ünvanlamışıq. (Link şərhdə) Son illərdə və aylarda rüşvət və korrupsiya üstündə həbs edilənlərin istisnasız olaraq hamısı YAP-ın üzvü və rəhbər strukturlarında təmsil olunanlardır. Məsələn, bir rayonun icra başçısı həbs olunursa, YAP-ın rayon təşkilatının sədri, rayonun YAP üzvü olan bütün idarə və müəssisə rəhbərləri də onunla birlikdə həbs edilirlər.
YAP üzvü kimi həbs olunan bir sıra yaksək vəzifəli şəxslər hətta, partiyanın rəhbər struktrlarında da təmsil edilirlər. Yadınızdadır Rabitə işi ilə bağlı həbs edilənlərdən biri partiyanın Nəzarət-Təftiş Komissiyasının rəhbərlərindən idi. Hələ vaxtı ilə dövlət çevrilişi ilə bağlı nazirlər həbs ediləndə istintaq materiallarında göstərilirdi ki, həbsdən öncə sonucu dəfə onların birinin yanında Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi olub və qarşıdakı seçki işləri ilə bağlı istintaq işində göstərilən məbləğdə “yardım” götürüb.
Dünən YAP-ın hazırda fəaliyyətdə olan Siyasi Şurasının üzvlərinin siyahısına baxıram. Balıq kimi YAP da başdan iylənib. Rabitə işi ilə bağlı istintaqda yazılı, məhkəmədə isə şifahi ifadəsində hər ay nazirliyin korrupsiya kassasından 350 min manat paket alan, təxminən bir o qədər də hər ay keçmiş MTN nazirinə, nazir müavinlərinə və idarə rəislərinə korrupsiya paketi göndərən Əli Abbasov YAP-ın Siyasi Şurasının siyahısında 3-cü yerdə qərar tutur. Adları beynəlxalq korrupsiya qalmaqallarında keçən gizli ofşor hesab sahiblərinin də mübarək adları bu siyahıdadır. Hətta Rusiya ilə silah müamiləsindən “otqat” alıb özünə 800 min Avroya “ağıl dişi” düzəltdirən Baş Nazirin məzkur birinci müavini Yaqub Eyyubov da Siyasi Şuranın siyahısında 12-ci yeri tutur.
Qaçqın vətəndaşların yardımı üçün ayrılmış vəsaitlər hesabına nəvəsi üçün (həmin nəvə də həmin maşınların biri ilə 3 adamı vurub öldürmüşdü) ən bahalı maşın parkı (respublika sərhəd xidmətinin rəisi ilə şərikli) yaratmış Əli Həsənov, mətbuat üçün ayrılmış vəsaitlər və mədəniyyət müəssisələrinin mənimsənilməsi hesabına “alın təri ilə ailə biznesi” yaratmış onun adaşı da Siyasi Şuranın üzvləri kimi hakim korrupsioner partiyanın yönətiçiləri arasındadırlar.
Yazılı və şifahi ifadəsində keçmiş MTN-in idarə rəisi Akif Çovdarova 3 milyon dollar rüşvət vermiş və hər 4 metro jetonundan birini mənimsəmiş Tağı Əhmədov YAP-ın Yasamal rayon təşkilatının sədridir. Son 5 ayda həbs edilən 5 rayonun icra başçılarının beşi də rayonun YAP üzvü olan idarə və müəssisələrinin rəhbərləri ilə birlikdə korrupsiya əməlinə görə həbs ediliblər. Ucdantutma YAP üzvlərinin idarə etdiyi qalan 82 rayonda da eyni vəziyyətdir.
Mədəniyyət nazirliyindəki rüsvayçılıq göstərdi ki, İravan teatrının bərpası üçün ayrılan 11 milyon manatın 5 milyonu ümumiyyətlə “yoxa” çıxıb, 2 milyona qədəri vergi kimi ödənilib, 900 mini nağdlaşdırılıb “otqat” kimi YAP üzvləri arasında bölüşdürülüb, Nazirin YAP üzvləri olan müavin Rafiq Bayramov və idarə rəisi Zakir Sultanov nazirlikdə rüşvət və korrupsiyanı koordinasiya ediblər, mədənyyət ocaqları üçün ayrılan vəsaitləri talayıblar, hər ay musiqi məktəblərindən yığılan 60 min “xəracın” 5 mini YAP üzvü olan nazir müavini Rafiq Bayramova, 10 mini YAP üzvü olan nazir Əbülfəs Qarayevə, 45 mini də daha yuxarıdakı rəhbər YAP “xadimlərinə” gedib.
Buyurub YAP-ın rəhbərliyi inkar etsin ki, korrupsiya şəbəkisinin üzvü olan bu şəxslərdən kim YAP-ın üzvü deyil? Son illərdə rüşvət üstündə tutulan ən xırda məmurlar belə YAP-ın üzvü olublar və istisnasız olaraq Yeni Azərbaycan Partiyası respublikada rüşvət və korrupsiya əməlinin törədilməsi üçün siyasi bir dəbilqəyə çevrilib. İndi özünüz deyin: ölkəni korrupsiya və rüşvət bataqlığına çevirmiş belə bir partiyanın özünü buraxıb siyasi səhnəni rüsvayçı şəkildə tərk etməkdən başqa ayrı yolu qalıbmı?
Vaxtıyla orta məktəblərin “Anatomiya” dərsliyində vərəm çoplərinin quruluşu təsvir edilmişdi. YAP-ın emblemi də ortasındakı səkkiz guşəli ulduzu çıxmaq şərtiylə onun eynisidir. Axı, məyus olmaqla iş qurtarmır. Ölkəni xəstə yatağına uzatmış bu vərəm çöplərindən qurtarmağın vaxtıdır!