Seymur Həzi
Bizə adi görünə bilər. Ona görə ki, biz burulğanın içindəyik. Bəzilərimizin hətta sümüyü bu qovğalarda bərkidi. Budur üçüncü on illiyini geridə qoymuş, bir gün də dayanmayan demokratiya mücadiləsi. Millətin müqaviməti gah gerilədi, gah irəlilədi. Amma onun bir ovuc mübariz insanı səngəri heç vaxt tərk elmədi. Bəzən “arxadan kömək gələcək” gözləntisində əsir düşən kimi, rejimin zindanlarına düşdük. Amma yenə də dostlarımız səngəri boş qoymadılar, ədalət mücadiləsinin ön xəttindən geri çəkilmədilər. Bir çoxları üçün bu, ağıl almaz kimi görünürdü, ona görə də bəzən bizi yumşaq desək, düz taktika seçməməkdə ittiham edənlər də oldu.
Bu gün üzləşdiyimiz mənzərə insanların danışmasına təhəmmül etməyən, əsəbləri sıradan çıxmış siyasi sistemdir. Hər tənqidin qulaqlarını cingildətdiyi rejim artıq özünün varlığını qalan hər kəsin susmasında, yox olmasında görür.
Bu günlərdə ortaya çıxıb ki, Azərbaycan hökuməti İranın Araz çayı üzərindən işğal altındakı torpaqlarmıza körpü salmasına razılıq verib. Nə deməkdir bu?
Azərbaycanın ərazilərini işğal edənlərə blokadadan çıxmaq üçün fürsət deməkdir.
Nəzarətsiz elan etdiyimiz bölgələrimizdə körpü tikilməsinə imzamızla razılıq verib, öz bəyanlarımızı şübhə altına almaq deməkdir.
Sanksiya altında olan İrana qeyri qanunu yolla blokadadan çıxmaq imkanı vermədir ki, bunun da beynəlxalq məsuliyyəti var.
Torpaqlarımızı işğaldan azad etmək üçün aparılan diplomatik işdə dünya qarşısında özümüzü bir daha çətinə salmaq deməkdir.
Torpaqlarımızı azad edib, konstitusiyamızı bütün ərazilərimizdə işlətmək istəsək, düşmənə humanitar və hərbi yardım körpüsü deməkdir.
Bütün bunlar ortaya çıxarkən yenə bu millətin milli maraqlarının arxasında bir ovuc vətənpərvər var. Bu boyda düşməni olan bir xalq üçün bu bir ovuc insan həm şansdır, həm də bir kədərdir. Şansdır ona görə ki, onlar var. Kədərdir ona görə ki, sıramız savaşlarda bu qədər seyrəlib. Seyrəldilib. Rejim leqal düşmənimizi məhv etməyə sərf etməli olduğu maddi, inzibati gücü bu millətin təəssübkeş insanlarını sıradan çıxarmağa yönəldib. Zərbələri bu millətin övladlarının sinəsinə endirib. Tofiq Yaqublu, Əlzamin Salayev kimi insanların belə günlərdə zindanda olması həyatımızın fəlsəfəsi baxımından çox məntiqlidir. Çünki indi “Xudafərngeyt” günləridir. Çünki indi millət təəssübünü çəkməyin hakimiyyətə sərf etmədiyi günlərdir. Qürurlu insanların dənləndiyi günləridir.
Əzilmiş toplumla düşmən qarşısına çıxmaq istəyən məğlubuyyətə məhkum deyilmi? Ya da hanı düşmən qarşısına çıxmaq istəyən?! Millətimiz üçün həqiqətən də taleyüklü və tarixi günlərdir!
Bəli, indi biz 30 ildə bir gün də zindanı demokratsız olmayan ölkəmizin taleyini dəyşmək iddiamızdan yarım daban da geri qoymamışıq. Əliyevlər 30 gündür AXCP sədrinin internetini də kəsiblər. Onun danışmasına dözməyəcək qədər əsəbləri pozulub, immunitetləri düşüb. Budur həqiqət. Uzun susqunluqdan sonra dünya birliyi bu repressiyaya layiqli reaksiyasını verdi. Səsini bizim səsimizə qoşdu. Biz bu dünya dirilişi zamanına xalqımızı diri çatdırmaq üçün nə canlardan keçdik. Amma yetişdik. Dünya artıq əvvəlki dünya olmayacaq. İndi ABŞ demokratları və respublikaçıları demokratiyanın dünyada yayılması missiyasına birgə razılıq veriblər. İndi Helsinki Kommisyası Əli Kərimliyə qarşı bu informasiya blokadasını lənətləyir. AXCP üzvlərinin, xüsusulə xanım Səadət Cahangirin bu xoşagəlməz prosesdə təzyiqə məruz qoyulmasını, Niyaməddin Əhmədova qarşı cinayət işini pisləyir.
Artıq ABŞ və AB -nin koronavirusdan azad sözü və azad insanları, müxalifləri əzmək istəyən rejimlərə qarşı birgə sanksiyalar tətbiq etməsi üçün təşəbbüslər qalxmaqdadır. Bütün bunlar Əli Kərimlinin mühasirəsinin 30-cu günündə baş verməklə bu əsəb müharibəsində mühüm dönüş nöqtəsidir. Biz bu günə kimi necə gəlmişiksə, bu gündən sonra da əzmimizi dəfələrlə artırmalı, dinc və demokratik mücadiləmizi davam etdirməliyik. Gözlədiyimiz günlər çox uzaqda deyil! Tanrı millətimiz üçün xeyirli olanda bizə kömək olsun!