Almaniya kansleri Angela Merkel deyib ki, 2015-ci ildə onun ölkəsinin parlamentinə kiberhücumda “Rusiya qüvvələrinin” əli olduğuna dair “keçərli sübutlar” mövcuddur.
Bu haker hücumu zamanı xanım Merkelin Bundestaqdakı öz ofisindən də sənədlərin oğurlandığı iddia olunur.
Almaniyanın gündəlik Sueddeutsche Zeitung qəzeti ötən həftə yazmışdı ki, Almaniya prokurorları Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) zabiti olduğu güman edilən şəxsin həbsinə order veriblər.
GRU zabiti olduğu iddia edilən Dmitriy Badin habelə ABŞ hakimiyyət orqanları tərəfindən axtarışa verilib.
Mayın 8-də Almaniyanın Der Spiegel xəbər jurnalı yazırdı ki, 2015-ci ildə kiberhücumun hədələdiyi materiallar arasında xanım Merkelin Bundestaq ofisindəki sənədlər də olub.
Almaniya prokurorluğu medianın bu iddialarını hələki rəsmən təsdiqləməyib.
“Mən Rusiya ilə yaxşı münasibətlərə çalışsam da…”
Lakin mayın 13-də millət vəkillərinin suallarına cavab verən Merkel deyib ki, onun fikrincə hakerlər nizamsız qaydada əllərinə keçəni oğurlayıblar:
“Mən çox şadam ki, bu barədə təhqiqatlar prokurorluğun konkret bir şəxsi axtarışa verməsi ilə nəticələnib. Mən bu məsələlərə çox ciddi baxıram. Düzünü deyim ki, bu, mənim üçün ağrılı məsələdir. Bir tərəfdən mən hər gün Rusiya ilə daha yaxşı münasibətlər üçün səy göstərirəm. Amma digər tərəfdən sanballı dəlil var ki, Rusiya qüvvələri bu cür hərəkətdə iştirak ediblər. Bu, gərginlik olan bir sahədir”.
Rusiya rəsmiləri 2015-ci ildə Almaniya parlamentinə haker hücumu ilə hər hansı bağlılıqlarını inkar edirlər.
Kreml ABŞ-da 2016-cı il prezident seçkisinə müdaxilə etdiyini də danır.
Merkel bildirib ki, Almaniyanın apardığı təhqiqat onun Rusiyanın “hibrid müharibəsi” apardığına dair qənaətini dəyişməyib.
Onun sözlərinə görə bu “hibrid müharibə” adamları çaşdırmaq və faktları təhrif etmək məqsədi güdür.
Kansler deyib ki, Rusiya ilə yaxşı münasibətlər üçün mühüm səbəblər olsa da, “bu cür hərəkətlər münasibətləri heç də asanlaşdırmır”.
Merkel deyib ki, kiberhücum “hiddət” doğurur və Almaniya “Rusiya da daxil bunu edənlərə qarşı tədbir görmək haqqına malikdir”.
Azadlıq radiosu