AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev
İdarəetmə sistemi yeni çağırışlara düzgün reaksiya verə, formatlana, adaptasiya oluna bilmir.
Yanlış iqtisadi siyasət millətin ayağına vurulan kündə kimidir. Bu kündələrin sosial vəziyyətin ağırlaşmasına, milyardlarla itkilərə məruz qalmağımıza təsiri çox böyükdür. Nəyin bahasına olursa-olsun, yol verilən kobud səhvlərin əsarətindən qurtulmalıyıq.
Ölkənin qeyri-neft sektoruna qoyulan investisiyalar bu ilin yanvar-aprel aylarında 12,8 faiz azalıb. Amma neft sektorunda bu göstərici 18,8 faiz artıb. Neft sektorunda qeydə alınan bu artımın hamısı da xarici mənbələr hesabınadır. Daxili mənbələrdən isə sərməyələr ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz və ya 380 milyon manatdan çox azalıb (mənbə: DSK).
Cazibəsini itirmiş qeyri-neft sektorundan xarici investorların uzaq gəzmələri tam başa düşüləndir. Lakin hökumətin də əcnəbilər kimi davranaraq qeyri-neft sektorundan gen durması heç başa düşülən deyil və başa da düşülməməlidir. Çünki 98 faiz əmək qabiliyyətli əhalinin ümid yeri olan sahələrə qeyri-ciddi münasibət göstərməyə heç kim cürət etməməlidir. Maliyyə vəsaitləri olmasaydı, bəlkə də ötüşmək olardı. Amma açıqlanan rəsmi məlumatlara görə dövlət büdcəsində bu ilin aprel ayının əvvəlinə 2,6 milyard manat, may ayının əvvəlinə isə 2,3 milyard manat həcmində istifadə olunmamış maliyyə vəsaitləri olub. Dövlət xəzinəsində hərəkətsiz şəkildə saxlanmış həmin iki yarım milyardın 15 faizi real sektora sərməyə məqsədləri üçün istifadə edilsəydi, buraxılmış boşluğun yeri doldurula, tənəzzül prosesi müəyyn qədər zəiflədilə bilərdi. Lakin bu imkanlar əldən qaçırılıb. Açıq şəkildə görünən budur ki, qeyri-neft sektorunda istehsalın düşə, ixrac yönümlü fəaliyyətin zəifləyə, ÜDM-in azala biləcəyi variantları əməli fəaliyyətdə ciddiyə alınmayıb. Halbuki neft sektorunda gəlirlərin kəskin şəkildə düşəcəyi gözlənildiyinə görə qeyri-neft sektoru diqqət mərkəzinə gətirilməli və dövlətin maliyyə resursları hesabına mümkün olan bütün tədbirlər səfərbər olunmalı idi. Amma əksi müşahidə olunub. Hətta qeyri-neft sənayesinə yatırımlar da 26 faiz azalıb.
Belə məlum olur ki, neftdən asılı olmağın hansı fəlakətlərə yol açmasının hələ də tam fərqində ola bilmirik. Dərhal bilinir ki, qeyri-neft sektorunun üstünlükləri, 98 faiz əmək qabiliyyətli əhaliyə daha çox vaxt, daha çox sərmayə ayırmağın vacibliyi hələ də lazımınca dəyərləndirilmir.
Buradan çıxarılan ən ümumi nəticələr bundan ibarətdir ki, ətraf aləmlə informasiya mübadilə mexanizmi yararsız hala düşüb və bu mexanizmin qərar qəbul etmə prosesinə təsiri yox səviyyəsinə enib. Hazırkı idarəetmə sistemi yeni çağırışlara düzgün reaksiya verə, formatlana, adaptasiya oluna bilmir. Halbuki hər kəsə gün kimi aydındır ki, sağlam və çevik informasiya mübadilə sisteminə və yeni idarəetmə təfəkkürünə yiyələnmədən iqtisadiyyatı rəqabətqabiliyyətli şəklə gətirmək, neft asılılığını əhəmiyyətli dərəcədə azaltmaq mümkün deyil.