Dünən inzibati həbsdən çıxmalı olan AXCP fəalından hələ də xəbər yoxdur
Dünən saat 22 radələrində 30 sutkalıq inzibati həbsdən azad edilməli olan AXCP fəalı Niyaməddin Əhmədovdan hələ də xəbər yoxdur. Vəkilinin axtarışları, DİN-in 102 xidmətinə müraciətlər belə nəticə verməyib.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov belə bir məlumat paylaşıb ki, polisdən AXCP-yə gələn qeyri-rəsmi xəbərə görə, dünən Niyaməddin Əhmədov DTX-ya aparılıb.
Yada salaq ki, Niyaməddin Əhmədovu inzibati həbsdə olduğu vaxt da DTX-ya aparıb günlərlə işgəncə vermişdilər. Onu hansısa qondarma cinayət işinə bağlamaq istəyirlər. O vaxt rəsmən etiraf olunmuşdu ki, Niyamədin Əhmədovun bir cinayət işi üzrə şahid kimi dindirmək üçün DTX-ya aparıblar. Sanki şahidi müstəntiq elə onun olduğu yerdə, bu halda inzibati həbs edilənlərin təcridxanasında dindirə bilməzmiş.
Niyaməddin Əhmədov AXCP sədrinin ictimai əsaslarla müfahizəçisidir.